Vanetsyan gəlib hər şeyi yoluna qoyacaq...

26 Fevral 2021 16:48 (UTC+04:00)

Demə, erməni müxalifətcilər Paşinyanı hakimiyyətədən salmaq üçün “A” və “B”-dən ibarət “diversiya” planlarından istifadə edirmişlər. Bu gün sabiq baş nazir Vazgen Manukyan hələlik “A” planı üzərində işlədiklərini və belə davam edərsə, “B” planına ehtiyac olmayacağını bəyan edib. SİA erməni mətbuatının xülasəsinə istinad edir.

Maraqlıdır ki, Manukyan artıq əminliklə, ölkədə Paşinyana dəstək verə biləcək heç bir qurumun qalmadığını bildirib. Onun fikrincə, yaxın günlərdə Ermənistanın Milli Təhlükəsizlik Xidməti və polis də Nikola qarşı qalxacaqlar. Manukyan belə olacağı təqdirdə, onların daha “B” planından yararlanmağa elə də bir ehtiyacları olmayacağını bildirərək, xalqı təlaşdan da qurtulmağa çalışıb.

Bax burda deyirlər də, ey, gidi dünya! İşə bax ki, hakimiyyət təmannalı Vazgen Manukyan burada “özünü xalq üçün” fəda etdiyi, yəni “bişim-bişimlə” tərəfdarlar toplamağa çalışdığı bir məqamda, başqa birisi, sabiq “nikolçu” Artur Vanetsyan da ermənilərin baş naziri olmaq “həvəsinə düşübmüş.”

Hətta utanıb- qızarmadan baş nazir olandan sonra, bəli məhz olandan sonra ölkənin bütün problemlərini bir həftə ərzində həll edəcəyini, bəyan edərək, ermənilərin başlarını bişirməyə çalışıb. Burda deyiblər də “...kimi aldadırsan...”

Vanetsyana, elə Vazgenin diliylə deyən gərək, ay... vaxtilə dostun Nikol səni Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə direktor təyin etmişdi, işləyə bildin? Direktorluğun heç il yarım da cəkmədi. Balaca bir təşkilatı idarə edə bilməyən birisi, indi gəlib Ermənistana baş nazirlik etmək istəyir?

Bu gün Ermənistanda Vanetsyanın Nikol “məktəbinin davamçısı” olduğunu kim bilmir? Vaxtilə Paşinyan da Vanetsyan kimi xalqa yalan vədlər vermişdi. Axırı nə oldu? Bunlar da Vazgenin gəldiyi qənaətdir.

Sizi bilmirəm, amma mən, erməni olanda nə olar, Vazgenin fikirlərində məntiq görürəm. Necə olur ki, Vazgen kimi baş nazirlikdə “saç ağartmış” birisi baş nazir olacağı təqdirdə, həyata keçirəcəyi islahatların “uğurlu” olmasına zəmanət vermədiyi halda, vaxtilə İrəvan küçələrində Nikolla bir adımlayan Artur Vanetsyan gəlib Ermənistanı qısa vaxtda “abıra mindirəcək”?

Amma belə görünür ki, Artur Vanetsyan baş nazir olmaq üçün hətta Vazgendən də iddialıdır. O, hətta dünənki “dostu” Nikol Paşinyana sorğu da göndərib: könüllü istefa ver, əks halda sənə qarşı ictimai təzyiqləri artıracağıq. Vanetsyana görə, Nikolla digər mövzulardakı müzakirələr mənasızdır.

Ağasəf Babayev