Qarabağ Azərbaycanın cənnət məkanı olacaq

26 Fevral 2021 16:12 (UTC+04:00)

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri daim əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olmuşdur. Bu dəfəki səfər də qanunauyğunluğu pozmadı və həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi ilə əlamətdar oldu. Bu mərasimləri Böyük Qayıdışın qətiyyətli adımları da adlandırmaq olar. Məlumat üçün bildirək ki, ölkə başçısı səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, Güləbird Su Elektrik Stansiyasının açılışını etdi və Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkdi.

Səfər çərçivəsində ölkə başçısının ilk dayancağı Füzuli rayonu oldu. Burada dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Əminliklə deyə bilərik ki, bu layihə olduqca əhəmiyyətli və vacibdir. Ən azından ona görə ki, bu nəqliyyat infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasında əhəmiyyətli rol oynayacaq. Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər sülh danışıqlarında nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılacaq, həm də, yeni nəqliyyat damarı yaradılacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşəcək. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək.

Prezident İlham Əliyev səfər çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının da açılışında iştirak etdi. “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Ölkə başçısı çıxışı zamanı bildirmişdir ki, mənfur düşmən işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyasının da. Ancaq verilən tapşırıqlar nəticəsində qısa müddət ərzində Güləbird Su Elektrik Stansiyasının açılışı qeyd edilir.

Qeyd edək ki, bundan sonra da işğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur yenidən qurularaq, ən müasir tələblərə cavab verəcəkdir. Sosial-iqtisadi, mədəni sahələrdə əsaslı dönüş yaradılaraq Qarabağı Azərbaycanın ən nüfuzlu regionuna çevriləcəkdir. Yeni layihələr həyata keçirilərək tikinti sektorunda dost ölkələrin şirkətləri ilə birgə yeni yaşayış kompleksləri, məktəblər, bağçalar, xəstəxanalar, turizm obyektləri və istehsal müəssisələri inşa ediləcəkdir. İşğal altında olan Qarabağdan fərqli olaraq bundan sonra görülən işlər nəticəsində Qarabağ Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında cənnət məkana çevriləcək!

Loğman Müslümov

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir

müavini (dini qurumlarla işin təşkilatçısı)