Paşinyanın növbəti qanmazlığı... - ANALİZ

26 Fevral 2021 15:47 (UTC+04:00)

Bu dəfə Ermənistanın baş naziri Rusiyanı "İskəndər"lə "vurmaqla"...

Son günlər gündəmdə olan mövzu Ermənistanın baş naziri Nikol Paşinyanın "1in.am" saytına müsahibəsində sabiq prezident Serj Sarkisyanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edilməməsi barədə ittihamlarına açıq-aydın şəkildə savadsızlığını nümayiş etdirən cavabı olub. Sensasion iddia irəli sürən Paşinyan Ermənistanın Azərbaycana qarşı "İskəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.

"Qoy sual verilsin ki, "İskəndər" raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?", - deyə Paşinyan etiraf edib.

Ermənistanın baş naziri bu açıqlaması ilə Rusiyadan alınan silah və hərbi texnikaların yararsız olmasına işarə edib. Bu yerdə ataların dediyi kimi: "çörəyi dizinin üstündə".

Vladimir Jirinovski: "Rus əsgəri ermənilər üçün niyə ölməlidir?"

Belə bir məqamda RLDP-nın lideri Vladimir Jirinovskinin Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı dediyi fikirləri xatırlatmaq istərdim: "Rus əsgəri ermənilər üçün niyə ölməlidir?. Bir də ermənilər Paşinyana görə peşman olacaqlar, necə ki, olurlar. Paşinyan daha Ermənistanı çiçəkləndirə bilməz. Çünki Ermənistan ac-yalavac olmaqla, həm də ehtiyatları da yoxdur". Sözsüz ki, Ermənistanın baş naziri Nikol Paşinyan "İskəndər" raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışıb. Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə "yol xəritəsi" hazırlanacaq və bu istiqamətdə Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək. Paşinyanın sözlərinə görə iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq.

Ancaq Paşinyan anlamır ki, daldan atılan daş topuğu dəyər. Və Nikol Paşinyanın bu "düzəlişi" çətin ki, Kremlin acısını soyutsun.

Doğrudur, müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir. Eyni zamanda, Moskva görür hələ ki, Ermənistanda Paşinyana real alternativ yoxdur. Ancaq Paşinyan "İskəndər" raketlərinin keyfiyyətsiz olmasıyla bağlı açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml sahibi bunu unutmayacaq və fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq.

Paşinyanın açıqlaması erməni mətbuatında gülüş doğurub

Ən maraqlı məqam isə, Paşinyanın bu açıqlaması erməni mətbuatında gülüş doğurub. Ermənistana məxsus sayt qeyd edir ki, çərşənbə günü "Yerevan. Today" resursu "aşinyanın İskəndər raketləri ilə bağlı açıqlaması Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinində gülüş doğurdu" başlıqlı məqalə dərc edib. Həmçinin bildirilir ki, bir gün əvvəl “1in.am” xəbər saytına verdiyi müsahibədə Paşinyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın 2020-ci ilin payızında Artsaxdakı müharibə zamanı İskəndərlərin niyə düşmənə qarşı istifadə edilməməsi ilə bağlı açıqlamasına cavab verib. Paşinyan müharibə zamanı İskəndərin «partlamadığını və ya yalnız 10% partladığını" söyləyib.

Diqqətə çatdıraq ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin, Paşinyanın bu şəkildə Dağlıq Qarabağ münaqişəsindəki məğlubiyyətdə özünün günahsız olduğunu vurğulamaq qərarına gəldiyini söyləyib. Onun sözlərinə görə, Paşinyanın dedikləri, sadəcə, mütləq yalandır və bunun üçün heç bir şübhəyə belə ehtiyac qalmır. Bu açıqlama rus hərbi mütəxəssisləri və deputatları arasında böyük rezonans doğurub. Həmçinin, xüsusilə məqalədə Paşinyanın İskəndərlə bağlı dedikləri barədə sualdan sonra Xaçatryanın əvvəlcə uzun müddət güldüyü, sonra müvafiq qeydlər etdiyi yazılır: "Əlbəttə ki, mümkün deyil. Necə ola bilə? İskəndər? Bir atış? 10%? .. Bağışlayın, amma bu, ciddi deyil. (Xaçatryan gülməyə davam edir). Belə şeylər deyə bilməzsən, belə nəticələr haqda rəy verə bilməzsən. Ümumiyyətlə, telefonda bu cür silahlarla bağlı belə suallar vermək və bu cür səthi qiymətləndirmələrə əsaslanaraq nəticə çıxarmaq olmaz, bu ciddi deyil. Kimin nə dediyini bilmirəm, amma bu, mümkün deyil",- deyə Xaçatryan bildirib və istehzalı gülüşünü gizlətməyib.

Qeyd edək ki, Paşinyanın İskəndərlə bağlı qalmaqallı açıqlamasına münasibət bildirən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.

Göründüyü kimi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəhbərinin birinci müavini vəzifəsinə yenicə təyin edilmiş Xaçatryan cəmi bir neçə aydan sonra işindən qovulub, səbəb də bəllidir və bu, Paşinyanın "İskəndər" raketləri barədə fikirlərinə, ifadələrinə istehza ilə gülməsidir. Heç şübhəsiz ki, Nikol Paşinyan nə qədər özünü demokrat, söz azadlığına yer verən biri kimi təqdim etməsinə baxmayaraq, əleyhində olan, barəsində əks fikir bildirən kimsəyə qarşı amansızdır və onu dərhal cəzalandırır, ən azından öz mövqeyindən uzaqlaşdırır.

Paşinyanın Rusiyaya, rus hərbi texnikasına qarşı yönəlmiş fikirlərinin arxasında nə dayanır?

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistanda belə hərbi məsələləri, xüsusən də silah-sursatla bağlı müəmmalı iddiaları tez-tez siyasiləşdirirlər ki, həm məğlubiyyətlərinə bəraət qazandırsınlar, həm də Azərbaycanın layiqli zəfərini bir növ gözdən salsınlar: "Faktiki olaraq biz indi görürük ki, Ermənistanın siyasi dairələri öz müttəfiqlərinə arxa çevirirlər, onu gözdən salmağa çalışırlar. İstər Paşinyan, istərsə də ona müxalif olan və anti-Rusiya meyillərindən çıxış edən digər siyasi qüvvələr çalışırlar ki, ölkədə Qərb vektorunu gücləndirsinlər. Ona görə də, məğlub ölkədə hazırda Moskvanın adının bədnam etmək üçün Rusiya ilə bağlı istənilən imkanı işə salırlar. Yəni siyasi elita xalqa, beynəlxalq aləmə yalnız bir məsələni çatdırmağa çalışır- Rusiya öz tərəfdaşlıq öhdəliklərini ağır məqamda yerinə yetirə bilmədi və ya istəmədi. Açığı desəm, Ermənistandan gələn bu cür sədalara, rəylərə ciddi yanaşmıram. Çünki ümumilikdə erməni siyasi elitası hər zaman oyunbazlıqla məşğul olub, indi də başdan ayağa aktyorluqla məşğuldurlar. Heç ona da inanmıram ki, erməni ordusunda normal düşünən beyin, peşəkar bir mütəxəssis qalsın və hərbi dairələrdən də raketlə bağlı belə "diqqətəlayiq" ciddi bəyanat gəlsin. Yenə də vurğulamaq istəyirəm ki, bütün bunları ona görə xatırladıb izah etdim ki, Ermənistandan gələn "partlamayan raket" sədalarına inanmıram. Nikolun dediyi kimi, guya rusların verdiyi raketlərin keyfiyyətinin aşağı olması, standartlara uyğun gəlməməsi, uçuş zolağının göstərilən kimi reallaşmaması və digər məsələlər bəhanələrdir. Bütün bunlar ermənilərin texniki, elmi imkanları çərçivəsində olan məsələlər deyil ki, raketlərlə bağlı dəqiq nə isə resenziya da verələr. 44 gün ərzində onların hərbçilərinin imkan və bacarıqlarından göründü ki, ermənilərin hansısa raket ekspertizası ciddi ola bilməz".

Karen Vrtanesyan: "Ermənistan baş nazirinin davranışları və ritorikası hakimiyyətini qorumağa hesablanıb"

Erməni hərbi ekspert Karen Vrtanesyan baş nazir Nikol Paşinyanın "Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı" adlandırdığı Rusiya ilə əməkdaşlığı gücləndirmək niyyəti barədə açıqlamasına münasibət bildirərkən belə deyib ki, Rusiya "İskəndər"ləri ilə bağlı qalmaqallı sözləri fonunda Paşinyanın yeni açıqlaması bir az qəribə görünür və bununla ziddiyyət təşkil edir: "Nikol Paşinyanın bir neçə gün verdiyi ziddiyyətli açıqlamaları təəccüb yaratdı. Ordunun gücləndirilməsi üçün bir növ sistemli, uzunmüddətli işlərdən bəhs etdiyi bu söhbətlər boş söhbətdir".

Hərbi ekspert hesab edir ki, Paşinyan hazırda yalnız bir şeylə maraqlanır – hakimiyyətinin qorunması: "Bu məntiq çərçivəsində Rusiya ilə yaxşı əlaqələr qurmaq lazımdırsa, o zaman bu barədə danışacaq, Rusiyanın tənqid etmək lazımdırsa, Paşinyan bunu da edəcək. Ümumilikdə, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün ardıcıl iş görmürük. Bütün bunlar sadəcə hakimiyyət uğrunda mübarizədir".

Beləliklə, "İskəndəri atdıq, partlamadı"- deyən Paşinyanı Kreml sahibi necə cəzalandıracaq, onu zaman göstərəcək.

Ancaq belə bir söz də var: "Keçmişi yalana, bugünü dalana dirənən xalqın gələcəyi yoxdur".

RƏFİQƏ HÜSEYNOVA