“Hərbi çevrilişə cəhd edənlərin arxasında Rusiya dayanır" ÖZƏL-MÜNASİBƏT

26 Fevral 2021 15:06 (UTC+04:00)

"Ermənistanda Paşinyanın tərəfdarlarının İrəvan küçələrinə çıxması və mitinq təşkil etmələri onu göstərir ki, xalqın içərisində Paşinyanın dayaqları güclüdür. Amma Paşinyana qarşı çıxan güclər Baş Qərargah rəisi və nazirliyin idarə rəisləri onlarda kifayət qədər tanınmış adamlardır. Lakin onlar ciddi səhvə yol verirlər. Çünki hərbçilərin siyasətə qarışması konstitusiya yolu ilə qadağandır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənistan müdafiə naziri bu proseslərə qarışmır və əleyhinə olduğunu bildirir: "Demək olar ki, xüsusi xidmət orqanlarının çoxu, polis də daxil olmaqla Paşinyanı müdafiə edir. Bir sözlə, legitim hakimiyyət strukturlarının hamısı, o cümlədən xalq Paşinyanı müdafiə edir. Düşünürəm ki, Paşinyan təşəbbüsü ələ almış kimi görünür və hərbi qiyama, hərbi çevrilişə cəhd edənlərin arxasında Rusiyanın dayandığı ehtimalı var. Bu baxımdan, vəziyyəti gərginləşdirən, çətinləşdirən odur. Amma hər halda Paşinyan indiyə kimi demək olar ki, kifayət qədər cəsur hərəkət edib və müxalifəti, o cümlədən keçmiş korrupsiyonerləri, həmçinin Qarabağ klanının zir-zibillərini küncə sıxmağa müvəffəq olub. Düşünürəm ki, Ermənistanda baş verən bu proseslər Paşinyanın xeyrinə inkişaf etməkdə davam edir".