Naxçıvan Qarnizonu tam orta məktəbi “Vətənimizə xidmət edək” adlı layihəni icra edib

26 Fevral 2021 10:56 (UTC+04:00)

Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində Naxçıvan Qarnizonu tam orta məktəbi "Vətənimizə xidmət edək"-şagirdlərin azərbaycançılıq məfkurəsi və milli vətənpərvərlik ruhunda tərbiyəsi layihəsi ilə iştrak edərək qalib olub. Ötən ilin oktyabr ayının 15-dən ehtibarən layihənin icrasına başlanıllmış və 15 fevral 2021-ci il tarixə qədər layihə uğurla həyata keçirilib. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təhsil nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası layihənin icrası dövründə məktəbə yaxından dəstək göstərib.

15 oktyabr 2020-ci il tarixdə məktəb layihənin icrasına başlayanda Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuz qızğın döyüş əzmi ilə torpaqlarımızı biri-birinin ardınca azad edirdi. 44 gün ərzində xalqın böyük dəstəyindən, vətənpərvəriliyindən ruhlanan ordumuzun qalibiyətli hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın ard-arda geri qayıtması məktəb layihəsinin uğurla həyata keçirilməsinə kollektivi həvəsləndirmişdi.

Sentyabrın 27-dən başlanmış Vətən müharibəsi də qədim dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycanındır!

Heç şübhəsiz, aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.

Layihənin icrası dövründə Naxçıvan Qarnizonu tam orta məktəbində təhsil alan və doğma Azərbaycanımızın müxtəlif regionlarından olan və müxtəlif etnosların təmsilçilərindən olan şagirdlərə 3 akedemik saat təlim-məşğələ keçirilmişdi. Keçirilən təlimdə Azərbaycanın multikulturalim, teorelantlıq modelinin öyrənilməsi hər bir azərbaycanlının həyat tərzi olduğu vurğulanmış və bu modelin bütün dünyaya bir nümunə olduğu fikiri bildirilmişdi.

Layihənin icrası planına uyğun olaraq müxtəlif vaxtlarda ardıcıl olaraq şəhid ailələri ilə 3 praktik görüşün keçirilməsi layihədə ən yadda qalan günlər olmuşdu. Belə ki, görüşə Birinci Qarabağ müharibəsinin, 2016-cı ilin aprel döyüşərinin və ikinci Qarabağ döyüşündə şəhid olan Milli qəhramanlarımız və şəhid ailələrinin yaxınları dəvət olunmuş və onlar bu dəvəti çox böyük hörmətlə qarşılayıb tədbirdə iştirak etmişlər.

Naxçıvan Qarnizonu tam orta məktəbində hərbi vətənpərvərlik tərbiyəsi planlı şəkildə qurulur və səmərəli yerinə yetirilir. Çağırışaqədər hazırlıq fənninin tədrisinin məqsədi məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, orduya gənc hərbi qulluqçuların hazırlanmasını təmin etməkdən ibarətdir. Təlim prosesində şagirdlərə qanunlara hörmət, orduya rəğbət, vətənə xidmət, xalqa məhəbbət kimi hisslər aşılanır. Məktəb layihəsində çağırışaqədər hazırlıq proqramına uyğun olaraq "Zirehli texnikalar" və "Kalaşnikov avtomatının sökülüb yığılması" açıq dərsləri Naxçıvan Muxtar respublikasının bütün məktəblərinə onlayın formada birbaşa yayımlandı və şagirdlər tərəfindən böyük maraq hissi ilə qarşlandı. Eləcə də sıra hazırlığı məşğələsində şagirdlər xüsusi geyimdə nümunəvi yerişlə hərəkətləri diqqəti cəlb etdi. Layihəyə uyğun olaraq məktəbdə pnevmatik tir yaradılmışdı. Pnevmatik silahlardan tüfəng və tapançadan istifadə etməklə şagirdlər çağırışaqədərki hazırlıq müəlliminin rəhbərliyi altında hədəfə düzgün nişan almaq, pnevmatik silahdan istifadə etmək qaydalarına əməl etməklə təlim keçirlər.

Layihənin icra planına uyğun olaraq "Vətənimizə xidmət edək" adlı intellektual hərbi idman viktorinası keçirildi. Bu viktorina çağırışaqədər hazırlıq fənnini əhatə edən və hərb elmindən suallar əsasında təşkil olunmuşdu. Vətən müharibəsində əldə olunan qələbədən ruhlanan yuxarı sinif şagirdləri bu viktorinada daha həvəslə iştirak etmişlər.

Layihənin icrası zamanı qarşıda duran tədbirlərdən biri də musiqi dərslərində hərbi mahnılar və marşlar gününün keçirilməsi idi ki, bu tədbir də məktəbin müsiqi müəllimlərinin tərəfindən "Sən Qalibsən Azərbaycan Əsgəri" adı ilə uğurla icra olunmuşdu. Eləcə də layihənin profilinə uyğun olaraq "Əcəmi" Nəşiriyyat Poliqrafiya Birliyi ilə imzalanmış müqaviləyə əsasən layihənin əsas qayəsini özündə ehtiva edən metodiki vəsait, buklet, braşur, təqvim, İnformatik plakat nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının bir sıra ümumtəhsil məktəblərinə paylanmışdı. Layihənin bağlanış tədbiri Naxçıvan Qarnizonu Təlim-Tədris Mərkəzinin iclas zalında keçirilmiş və həmin tədbirdə Vətən müharibəsinin döyüşçülərindən iştirak etmişdi.