Türk Şurasının Baş katibi Xocalı Soyqırımının ildönümü ilə əlaqədar anım mesajı paylaşıb

25 Fevral 2021 22:46 (UTC+04:00)

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdat Amrayev Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı paylaşıb.

SİA xəbər verir ki, B.Amrayev 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin bir gecədə Xocalıda yaşlı, uşaq, qadın daxil olmaqla günahsız insanların qətlə yetirdiyini xatırladıb: “Qətl edilənlərlə yanaşı minlərlə insan yaralanaraq girov götürülüb və Xocalı şəhəri tamamilə dağıdılıb”.

Türk Şurasının Baş Katibi qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın işğal altında olan torpaqları uğrunda qanuni mübarizəsi qələbə ilə başa çatdı: “Dünyanın şahidi olduğu kimi, ədalət təmin edildi və qardaş Azərbaycan haqlı mübarizəsində qələbə qazandı. Bu qələbə bütün Türk Dünyası üçün qürur və xoşbəxtlik mənbəyi oldu”.