Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev

25 Fevral 2021 20:01 (UTC+04:00)

Son zamanlar media sahəsində bir sıra yeni və münbit islahatlar mexanizminə keçidin reallaşdırılması tələbi özünü daha çox göstərməyə başlayıb. Xüsusilə, jurnalistika fəaliyyəti və bu fəaliyyət çərçivəsində şəffaflığın, azad rəqabət meyarlarının köklü şəkildə bərpasına ehtiyac yaranıb. Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, mətbuat sahəsində yaranmış mövcud durum ürəkaçan deyil və belə bir arzuolunmaz vəziyyətdən çıxış yolunu tapmaq gerçək media təmsilçilərinin üzərinə düşür: “Yəni fakt budur ki, ləğv olunmuş KİVDF-nin yerinə yaradılmış perspektivli qurum – Media İnkişaf Agentliyinin timsalında yeni düşüncələrə, yeni layihələrə və yeni baxış prizmasına ehtiyaclar yaranıb, bu ehtiyacların gerçəkliyə çevirlməsində isə real mətbuat adamlarının təklifləri alınmalı, müştərək qərarlar qəbul edilməlidir. Çünki tarixi ənənələrə malik olan Azərbaycan mətbuatı korroziyaya uğradılıb, həqiqi jurnalistlər, mətbuat adamları, ölkə mətbuatında xüsusi əhəmiyyətə, çəkiyə malik olan qurumlar isə demək olar ki, sıxışdırılaraq bir kənara atılıb. Buna isə əlbəttə ki, yol vermək olmaz. Məhz bu baxımdan nəticəyə gəlmək olar ki, Media İnkişaf Agentliyi mövcud problemlərin aradan qaldırılmasında öz sözünü uğurla deyə biləcək. Bizlər – media qurum rəhbərləri isə söz yox ki, bu kimi məsələlərdə öz dəstəklərimizi, fikir və təkliflərimizi davamlı surətdə təqdim edəcəyik. Çünki yalnız indiki vaxtda deyil, gələcək nəsillərə də sağlam mətbuatın ötürülməsi bizlərin öhdəsinə düşür”.

Ekspert vahid jurnalist vəsiqəsi təklifi ilə bağlı da münasibətini açıqlayaraq bildirib ki, əslində belə bir vasitə Avropa ölkələrində də tətbiq olunur. O cümlədən, Türkiyədə “basın kartı” deyilən vəsiqə mövcuddur ki, həmin vəsiqə ilə hərəkət edən jurnalistlər bir çox imtiyazlara malik olmaları ilə yanaşı, dövlət əhəmiyyətli tədbirlərə qatılmaq imkanını əldə edirlər. “Düşünürəm ki, yalnız bu deyil, digər imtiyazları da əldə etmək üçün Azərbaycanda həmin tətbiqin həyata keçirilməsi zərurəti yaranıb və bu olarsa, qərəzli, böhtançı işlərlə məşğul olan, adları qara siyahılara əlavə edilən saxtakarlar bundan sonra öz kirli əməlləri ilə milli mətbuatımızın adına ləkə atmaq imkanlarını tamamilə itirməli olacaqlar”, deyə Bəhruz Quliyev vurğulayıb.

Baş redaktor sonda bildirib ki, Media İnkişaf Agentliyi belə bir ilkin təklifləri önə sürməklə artıq müasir islahatların həyata keçirilməsi yönündə addımlarını atmağa başlayıb.