RİA Novosti-dən Azərbaycana qarşı təxribat! FOTOFAKT

25 Fevral 2021 16:52 (UTC+04:00)

Rusiyanın RİA Novosti xəbr agentliyi Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə əlaqədar ölkədə yaranmış vətəndaş qarşıdurmasını işıqlandırarkən, Azərbaycanın dünya ölkələri tərəfindən tanınan hüquqi ərazisinə qarşı açıq təxribata yol verib. SİA xəbər verir ki, hadisələrlə bağlı separatçıların “lideri” Araik Aryutunyanın fikirlərini yazan rus xəbər agentliyi onu “Dağlıq Qarabağın prezidenti” kimi təqdim edib.

Halbuki, hazırda Rusiya sülhməramlılarının nəzarətləri altında qalan həmin ərazilər Rusiya da daxil olmaqla heç bir digər başqa ölkələr tərəfindən tanımır və ora haqqında məlumatlar verilərkən, “tanınmayan” ifadəsi yer alır. Məhz bu baxımdan, RİA Novosti xəbər agentliyinin bu hərəkətini həm peşəkarlıqdan kənar hal, həm də təxribat kimi qiymətləndirmək olar.

Xatırladaq ki, ötən gün Rusiya sülhməramlıları kontingenti Xankəndiyə hümanitar yardım karvanı apararkən, həmin xəbər Rusiyanın müdafiə nazirliyinin saytında da yer almışdı və orada “Stepanakert/Xankəndi” ifadəsi işlənilmişdi. Məhz ermənilərin qaldırdıqları səs-küydən sonra “Stepanakert/Xankəndi” ifadəsi tamamilə aradan qaldırılaraq Dağlıq Qarabağ kimi dəyişdirilmişdi.

Hələlik, RİA Novosti-nin bu təxribatı ilə bağlı Azərbaycanın xarici diplomatik strukturları tərəfindən hər hansı bir rəsmi etiraz verilməyib. Lakin həmin etirazın ediləcəyi də şübhə doğurmur.

Rövşən RƏSULOV