Naxçıvanın Bakıdakı nümayəndəliyində Xocalı soyqırımı anıldı - FOTOLAR

25 Fevral 2021 15:39 (UTC+04:00)

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütövlükdə, Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirərək, qeyd edib ki, tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 29 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin, cəlladlarının qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək belə deyirdi: “Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir”.

“Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın on illərdir əsiri olmuş, daim böyük güclər tərəfindən maşa kimi istifadə olunan erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi.

Bəxtiyar Əsgərov deyib: “XX əsrin faciəsi olan Xocalı soyqırımı bu təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. XX əsrin sonunda törədilmiş bu faciə, həqiqətən, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı, əslində, ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bu dəhşətli faciədən bəhs edərkən deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Dünyanın sülhsevər, humanist insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti mütləq bilməlidir, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə ölkəmizin daxilində belə hüquqi-siyasi qiymət verilməsi, qanlı qırğın, soyqırımı barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir”.

Bəxtiyar Əsgərov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünyada yaşayan azərbaycanlılar bu soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başladı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş olunur və bundan sonra da etdiriləcək.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətlərini vurğulayan daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Böyük Heydər Əliyevin adını daşıyan Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis və digər xarici dillərdə nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və diqqətçəkən böyük tədbirlər təşkil olunur. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların rəsmi qərar və qətnamələrində əks olunub. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdən başqa, 10-dan çox dövlət Xocalı soyqırımını tam səviyyədə qətliam kimi tanıyır. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya faciəni parlament səviyyəsində qətliam kimi tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalı soyqırımını qətliam kimi tanıyan rəsmi sənədlər qəbul edib. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb.

Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar kimi bəhrəsini verməkdədir. İlbəil daha da qüdrətlənən, müdafiə potensialı artan Azərbaycan Ordusu artıq düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2016-cı ilin aprelində növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə, 11 min hektar ərazinin və ən nəhayət, 2020-ci ili sentyabrın 27-də erməni təcavüzünə qarşı başlanan 44 günlük İkinci Qarabağ savaşı - Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun 30 ilə yaxın düşmən tapdağında inləyən 20 faizdən çox torpağımızın bütövlükdə işğaldan azad etməsi sübuta yetirdi ki, problemin sülh və danışıqlar yolu ilə həll olunmasına həmişə sadiq qalan Azərbaycan həmişə deyildiyi kimi, məsələnin hərbi müstəvidə qısa zaman ərzində həllinə də qadirdir.

Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından it kimi, rüsvayçılıqla qovuldu. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Təsadüfi deyil ki, məhz Şuşanın azad olunduğu gün möhtərəm Prezidentimiz tərəfindən tariximizə şanlı Zəfər Günü kimi salındı. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən, bir güllə atılmadan işğaldan azad edildi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən, kağız üzərində qalan 4 qətnaməsini təkbaşına öz gücü ilə icra etdi, etdirdi, doğma Qarabağımızı qısa zamanda şərəfsiz, yırtıcı düşməndən azad etdi. Beləliklə, İkinci Qarabağ savaşı - Vətən müharibəsi 2020-ci ilin noyabr ayının 10-da Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu Qələbə ilə təkcə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədi, Prezidentimizin təbirincə desək, həm də erməni faşizminin beli qırıldı. Qərbi Azərbaycanın, Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını tarixçi kimi yaxşı bilən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsini birləşdirən yolun, yolların tikintisinə dair razılaşmaya əlavə bəndin salınmasına da nail oldu.

Bəxtiyar Əsgərov bildirib ki, Qələbəyə gedən yol, əslində, ulu öndər Heydər Əliyevdən, daha sonra isə böyük liderin siyasi varisinə vəsiyyətindən başlandı. Ulu öndər 2003-cü ildə müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasından Azərbaycan xalqına müraciətində bu sözləri qeyd etmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı, işğal altındakı digər torpaqları bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezident İlham Əliyev başda olmaqla, qəhrəman Azərbaycan xalqı yeni bir tarix yazdı. Biz həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun! Və həmin gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu! Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işləri ləyaqətlə sona çatdırdı, arzumuzu çin etdi!”.

Sonda Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, Naxçıvan Xocalını heç unutmadı. Hər il Xocalı faciəsi qurbanlarının əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında onun şəhərlərində, rayon mərkəzlərində xüsusi izdihamlı yürüşlərlə anılır. Qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarına Xatirə Kompleksi ucaldılıb. Bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidləri ehtiramla anılır, onların əziz xatirəsi Vətən müharibəsində alınmış intiqamın qüruru ilə yad edilir. Hər il olduğu kimi, bu il də soyqırımı qurbanlarının əziz xatirəsinin qələbə əhval-ruhiyyəsi ilə ümumxalq səviyyəsində yad edilməsi bir daha onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, nə qədər ki, bu millət var, onun gələcək nəsilləri də Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənləri isə ədalət məhkəməsi qarşısında cavab verməyə məhkum edəcək, bir sözlə, şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qırmaq istədilər. Amma faciələrimiz bizi daha da möhkəmləndirdi. Biz bir xalq olaraq daha güclü və əzmli olduq. Biz ulu öndərimizin rəhbərliyi ilə güclü dövlət yaratdıq. O dövlət ki, bu gün dünyada söz və nüfuz sahibidir. Azərbaycan dostluq və tərəfdaşlığın nümunəsini dünyada yayan və təbliğ edən ölkələr sırasındadır. Bunu şərtləndirən ən böyük amillər xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir.

Tədbir daimi nümayəndəlikdə hazırlanmış, Xocalı soyqırımını özündə əks etdirən fotostendə baxışla davam etdirilib.