Mixail Xodarenok: Ermənistan rəhbərliyi bacarıqsızdır, amma Rusiya günahkar olur?

25 Fevral 2021 15:41 (UTC+04:00)

Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın "İskəndər" operativ-taktiki raket komplekslərinin Azərbaycanla müharibədə istifadəsi zamanı işləməməsi barədə danışıb.

Ermənistan hökumətinin başçısı, ölkənin keçmiş lideri Serj Sarkisyanın, müharibə zamanı niyə İskəndərdən dərhal istifadə edilməməsinə dair sualını şərh edərkən bunları söyləyib: “Düşünürəm ki, onun (Sarkisyanın) bir çox suallarına cavabları olmalı idi və bildiyi sualları, cavablarını verməməliydi. Və ya bəlkə atılan İskəndər raketlərinin niyə partlamadığına və ya yalnız 10 faizinin partladığına cavab verəcək. Bəlkə 80-ci illərin silahıdır, ona görə”.

Hərbi ekspert Mixail Xodarenok “Moskva-Bakı” platformasına Paşinyanın dediklərini şərh edib:

“Nikol Paşinyan dəfələrlə bu tip açıqlamalar verib. Bir siyasətçi bəzi açıqlamalarla çıxdıqda faktlara istinad etməlidir. Məsələn, “İskəndər”in pis olduğunu deyirsə, dəlil gətirməlidir. Ölkə başçısı “İskəndər”in təsirsiz olduğunu söyləyirsə, zəhmət olmasa, nə qədər raket atıldığını, neçə raketin hədəfə dəydiyini, nə qədərinin buraxıldığını, hansı səbəblərdən qaçdığını, hesablamaların hazırlanmasında günahkar olub-olmadığını və digər suallara cavab versin. Bunun əvəzinə o, tamamilə cəfəngiyyat danışmağa başlayır: raketlərin 10%-i partladı, ya da partlamadı. Heç bir sistem bu şəkildə işləmir. Raketin döyüş başlığı - ya işləyir, ya da işləmir. Əgər bütün mərhələlər qorumadan çıxarılıbsa, təhlükəsizliyi işə salma mexanizmi işlədilibsə, raketlər yaxşı vəziyyətdədirsə və işə salınmadan əvvəl yoxlanılıb və xidmət göstərilibsə, başlıq demək olar ki, 100% effektiv olacaq. Hətta cəfəngiyyatı davam etdirib bunun 1980-ci illərin silahı olduğunu söyləyir. “Aldıqları “İskəndər” ilk dəfə 2016-cı ildə İrəvanda keçirilən bir paradda göstərildi. Ermənistan hökumətinin başçısı səriştəsizcə danışır, nə dediyini anlamır. Ali baş komandan kimi müharibədəki uğursuzluqlarına haqq qazandırır. Axı o, müharibə zamanı vəziyyətin ona verdiyi tələblərin zirvəsində deyildi. Müharibənu uduzdu, indi bəhanə gətirməyə başlayır. Kimdir günahkar? Əlbəttə Rusiya, Rusiya həmişə günahkardır”.

Elçin