Nikolun “İskəndər” iddiasından sonra... SİYASİ RAKURS

25 Fevral 2021 15:20 (UTC+04:00)

Saat əqrəbləri yenidən Azərbaycanın xeyrinə işləməyə başlayır

Nikol Paşinyanın “İskəndər” bəhanəsindən sonra erməni KİV-lərinin əlinə necə deyərlər, girəvə düşüb və indi də iddia edirlər ki, sən demə əgər keyfiyyətli silahları olsaydı, “Bakıya qədər gedib çıxa, üstəlik, bayraqlarını da yüksəldə bilərmişlər”... Əslində, özlərinin düzüb-qoşduqları nağıl və əfsanələri ilə özlərini “ağıllı”, “mübariz”, “döyüşçü” xalq olduqlarını zorla dünya ictimaiyyətinə sırıyan ermənilərə yalnız bir məşhur misalı gətirmək olar ki, əslində, yaxşı rəqqasa mane olan bədəninin hansı orqanıdır...

Əgər Rusiya Ermənistana, həqiqətən də, 80-ci illərin xlam silahlarını veribsə də, burada Paşinyanı deyil, əsasən Ermənistanın əvvəlki rəhbərliyini də suçlamalıdırlar

Beləliklə, ağır və sarsıdıcı məğlubiyyətlərini Putinin planlarına bağlayaraq çullarını sudan quru çıxarmağa cəhd edən bir sıra erməni KİV-ləri rus prezidentinin Ermənistanın məğlub olması üçün alışıb-yandığını da iddia edirlər. Halbuki, hətta belədirsə, yəni Putin gerçəkdən də Ermənistanın məğlub olmasını istəyirdisə, ermənilər bunun günahını özlərinin siyasətlərində axtarmağa məhkumdurlar.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketlərinin keyfiyyətsizliyi ilə bağlı fikirləri, parlamentin həmin raketlərin araşdırılması üçün komissiya yaratmaq qərarı da bu kimi iddialara aid etmək olar. Əgər Rusiya Ermənistana həqiqətən də 80-ci illərin xlam silahlarını veribsə də, burada Paşinyanı deyil, əsasən, Ermənistanın əvvəlki rəhbərliyini də suçlamalıdırlar. Çünki müqavilələr məhz onların imzaları ilə atılıb.

İndi isə keçək mətləbin digər hissəsinə. Rusiya tərəfi sözügedən ittihamları rədd etməsi ilə yanaşı, artıq ciddi bəyanatlar səsləndirir, bundan sonra Ermənistana bu tipli silahların verilməməsi ətrafındakı qərarları barədə düşünür.

Armenianreport: “Rus ekspertləri həyasızlıq sərgiləməsinlər və Suriyadakı “uğurları” barədə xatırlatmalar etməsinlər...”

Lakin etiraf edək ki, Paşinyanın “İskəndər” raketləri ilə bağlı fikirləri səsləndirməsi həm də onun buna eks-prezident Serj Sarqsyan tərəfindən məcbur edilməsi ilə də bağlıdır. Bununla bağlı armenianreport maraqlı məqama toxunub. SİTAT: “Onun (Serj Sarqsyanın) bəyanatından sonra fəaliyyətdə olan baş nazir nə etməliydi? Axı bizim cəmiyyətimiz belədir ki, sussaydı həmin susqunluq razılıq, zəiflik və qorxaqlıq əlaməti kimi qəbul ediləcəkdi. Özü də Sarqsyanın bu məsələ ətrafında özünü qəhrəman kimi təqdim etməsi mənzərəsində. O bildirmişdi ki, müharibənin dördüncü günündə “İskəndər”dən istifadə edərdi və bununla da Paşinyanı elə bir vəziyyətə qoydu ki, o da məcbur qalaraq həmin cavabı səsləndirdi. Axı Sarsyanın məntiqinə görə belə çıxır ki, Nikol düşmənə cavab vermək üçün kütləvi imkanlara malik idi, amma bunu etmədi. Paşinyanın ünvanına onsuz da çoxsaylı xainlik, müharibəyə hazır olmaması, ordunu idarə edə bilməməsi, düşmənin hücumlarının qarşısını ala bilməməsi kimi ittihamlar səslənir...”

Ancaq daha bir məqama da toxunan armenianreport ümumiyyətlə, Rusiya hərbi texnikalarının bir sıra məqamlarda digər ölkələrin texnikaları qarşısında uğur qazana bilmədiyini yazır. SİTAT: “Ötən ilin martında Türkiyənin zərbə PUA-sı Suriyada “Pansir-S1” kompleksini məhv etmişdi. Aviazərbənin videosu Twitter resursunda yaymlanan Clash Report-da türk ordusunun Suriyadakı uğurlarının nümayişi zamanı göstərilmişdi. Belə ki, Rusiya “Pansir-S1” kompleksini Suriya prezidenti Bəşər Əsədin ordusuna vermişdi ki, onlar havadan müdafiələrini gücləndirsinlər. Ona görə də rus ekspertləri həyasızlıq sərgiləməsinlər və Suriyadakı “uğurları” barədə xatırlatmalar etməsinlər...”

Büdcə yox, hərbi büdcə sıfır həddində və bir də artan vətəndaş qarşıdurması...

Göründüyü kimi, armenianreport bu məsələdə açıq-aşkar Paşinyanın tərəfində dayanır və onun ifadələrinin doğru olduğunu sübuta yetirməyə çalışır.

Fəqət, bununla yanaşı, Azərbaycanın həbri təchizatının daha da təkmilləşdirilməsi yönündə yeniliklərə start verdiyini də xatırladan erməni agentliyi yazır ki, Azərbaycan artıq Türkiyə və İsrailin hərbi sənayesinin istehsal etdiyi ən müasir texnikaları alacağı barədə anons verib. “Bir də ki, Bakı Ermənistana qarşı ərazi iddiaları ilə çıxışlar edir. Bizə, sadəcə, silahlanmaq lazımdır. Rusiya xlamı ilə deyil, ən yaxşı silahlarla”, deyə yazan armenianreport, hətta Afrika ölkələrinin də Rusiya silahlarından imtina etdiklərini qeyd edir.

Beləliklə, Paşinyanın Sarqsyanın ittihamlarının ardınca verdiyi məlum bəyanatı artıq belə bir nəticəni də hasil edir ki, Ermənistanın silah məsələsində dirəndiyi dalan çıxılmazdır. Büdcə yox, hərbi büdcə sıfır həddində və bir də artan vətəndaş qarşıdurması – bütün bunlar isə ilk əvvəl, məhz Azərbaycanın xeyrinə işləyən saat əqrəbləridir...

Rövşən RƏSULOV