“Abdulla Şaiq” elektron məlumat bazası təqdim edilib

25 Fevral 2021 13:50 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası şair, Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyi münasibətilə “Abdulla Şaiq” elektron məlumat bazasını təkmilləşdirərək oxucuların ixtiyarına verib.

SİA-nın məlumatına görə, ilk dəfə 2016-cı ildə istifadəçilərə təqdim edilən məlumat bazasına bu il Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar son 5 ilin materialları da əlavə edilib.

Elektron məlumat bazası 13 bölmədən və yarımbölmələrdən ibarətdir. Bazaya yerləşdirilən materiallar ümumilikdə 1927-2020-ci illəri əhatə edir. Buraya mükafatlar və şairin tərcümələri kimi yeni bölmələr əlavə edilib.

Tərcümələri bölməsinə 8 kitab – Cəlaləddin Ruminin “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı”, Nizaminin “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, E.Şabadın “Nərdivan”, İ.A.Krılovun “Cırcırama və Qarışqa” və digər əsərlər yerləşdirilib. Bazaya, həmçinin rus dilində 4 kitab – “Paссказы” (1991), “Вот Мы Какие” (1984), “Избранное” (1959), “Письмо не дошло” (1984) əlavə edilib.

Virtual oxucular üçün şair Abdulla Şaiq haqqında məqalələr yarımbölməsinə 38 məqalə, əsərləri bölməsinə 7 kitab, haqqında bölməsinə 4 yeni kitab əlavə edilib. “Abdulla Şaiq” elektron məlumat bazasına yerləşdirilən bütün materiallar tammətnlidir.