Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib - FOTOLAR

25 Fevral 2021 12:51 (UTC+04:00)

Fevralın 24-də Ukraynada onlayn formatda təşkil olunmuş "Hərbi cinayətlər və yerli ölçüdə soyqırımı cinayətləri" mövzusunda beynəlxalq elmi-praktik konfransa Azərbaycan təmsilçiləri də qatılıblar. Tədbirə Ukraynanın "Putivl" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sergey Tupik moderatorluq edib.

SİA xəbər verir ki, konfransda çıxış edən Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Rüfət Quliyev öz məruzəsində 29-cu ildönümü tamam olan Xocalı soyqırımını indiyədək tanımış olan ölkələr və ABŞ ştatları barədə də məlumat verib. Hər bir xalqın öz tarixindəki soyqırımları yadda saxlamalı və bu cinayəti törədənləri dünyaya tanıtmalı olduğunu vurğulayıb. Deputat Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışaraq Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etdiyini və ərazi bütövlüyümüzün bərpa olunduğunu bildirib.

Dostluq qrupunun rəhbəri konfransın iştirakçılarına və təşkilatçılarına müraciət edərək Ukrayna Ali Radasının Xocalı soyqırımını tanıması üçün bizi dəstəkləmələrini istəyib. Dost Ukrayna xalqının Azərbaycanın haqq işini müdafiə edəcəyinə ümidvar olduğunu bildirib. Elmi-praktik konfransda "Novaya Slobodanın faciəsi", "Əsrlər boyu Baturin soyqırımı", "Koryukovka faciəsi...", "Holokost haqqında Koryukov yaddaşı", "Novaya Sloboda: qoryunların yaşadığı kənd", "XX əsrdə qoryun mədəni irsinin qorunması problemi" və digər mövzularda Ukrayna ziyalılarının, tanınmış alimlərin, din xadimlərinin məruzələri dinlənilib. 1941-1945-ci illərdə alman faşistlərinin Ukraynada, Belarusda, Çexiyada, Fransada və digər ölkələrdə törətdikləri hərbi cinayətlərdən, soyqırımlarından bəhs olunub. Mövzuya dair foto və videomateriallar nümayiş etdirilib. Konfransda Bakı Slavyan Universitetinin dosenti Yaşar Alxasov "Xocalı: mədəni irsin qorunması..." mövzusunda məruzə edib. Sonra VI və VII çağırış Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun katibi Oleq Medunitsanın "Millətlərarası düşmənçilik zəminində soyqırımı" mövzusunda məruzəsi dinlənilib.

Beynəlxalq konfransda çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Hazırda bir sıra dünya ölkələrinin separatizmdən əziyyət çəkdiyini qeyd edərək deyib ki, bu cür faciələrin bir daha baş verməməsi üçün dünya xalqları birləşərək separatizmə və aqressiv millətçiliyə qarşı birgə mübarizə aparmalıdırlar. Səfir bildirib ki, ikinci Qarabağ müharibəsində də erməni faşizmi öz simasını göstərdi. Onlar 30 il əvvəl olduğu kimi, yenə də dinc əhaliyə qarşı qətliam həyata keçirdilər, qadağan olunmuş silahlarla Qarabağdan çox uzaqda yerləşən dinc Azərbaycan şəhərlərini bombaladılar. O, cinayətkarların gec-tez cəzalarını alacağına inamını ifadə edib.

Sonra elmi-praktik konfransın iştirakçıları konsul Əfqan Salmanovun təqdim etdiyi "XOCALI: 1992-ci ilin qanlı fevralında soyqırımı aktı" sənədli filminə tamaşa ediblər. Film başa çatan kimi beynəlxalq konfransda iştirak edən elm və siyasi xadimlər, Sum vilayəti administrasiyasının nümayəndələri, Novaya Sloboda və Koryukovka sakinləri, Putivl, Baturin və Çerniqov şəhərlərindəki dövlət qoruqları ilə tarix muzeylərinin əməkdaşları, Ukrayna Milli Yaddaş İnstitutunun nümayəndələri 29-cu ildönümü tamam olan Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Beynəlxalq elmi-praktik konfransın yekununda qətnamə qəbul olunub.