"Bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək" Səbinə Xasayeva

25 Fevral 2021 12:18 (UTC+04:00)

“Bildiyimiz kimi, qaniçən ermənilər və onların himayədarları tərəfindən törədilən Xocalı faciəsindən 29 il keçir. Xocalı soyqırımı xalqımızın sağalmaz dərdidir və günahsız xalqımıza qarşı törədilən misli-bərabəri olmayan qanlı cinayət və soyqırımıdır. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və həmişə xatırlayacaq”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Səbinə Xasayevanın sözlərinə görə, tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq əzəli torpaqlarından didərgin salınıb qaçqın və məcburi-köçkünə çevriliblər. “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin və heç bir insanlığa sığmayan məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını yerlə-yeksan edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Deputat qeyd edib ki, insanlığa qarşı törədilmiş bu cinayət aktı öz hüquqi qiymətini almalıdır: “Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyətə, insanlığa qarşı törəldilmiş qanlı cinayət idi. Tam inanıram ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi bütün dünyada tanınacaq və bu qanlı cinayəti törədənlər isə layiqli cəzalarını alacaqlar. Bütün Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirəm. Qoy, onların ruhu şad olsun”. yap.org.az