Maduro AB-yə ultimatum verdi "Artıq razılaşma yoxdur"

25 Fevral 2021 11:48 (UTC+04:00)

Qərb ölkələri sanksiya siyasətini dəyişdirmədikcə, Karakas Avropa Birliyi ilə tək bir razılaşma belə bağlamayacaq. SİA RenTV-yə istinadən xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro AB-yə ultimatum verib.
"Daxili işlərə müdaxilə edirlər və bununla onlar nə gözləyirlər? Bizə hücum etdikləri üçün onlara təşəkkür etməliyikmi?", deyə Maduro sualla müraciət edib.

Venesuela Prezidenti qeyd edib ki, Karakas təhdidlərin haradan gəldiyindən asılı olmayaraq necə cavab verəcəyini bilir.

"Avropa Birliyindən olan cənablar, ya siz öz mövqeyinizi düzəldirsiniz, ya da sizinlə heç vaxt heç bir razılaşma, heç bir dialoq olmayacaq", deyə Venesuela Prezidenti ultimatum verib.

Xatırladaq ki, 22 fevral tarixində Avropa Birliyi Venesuelaya qarşı sanksiyaları uzadıb. Məhdudiyyətlər arasında yüksək rütbəli hərbçilər, Venesuela Milli Seçki Şurasının üzvləri və yeni parlament üzvləri də var. Buna cavab olaraq, Karakas, Avropa Birliyinin Venesueladakı diplomatik nümayəndəliyinin rəhbərinə “persona non grata” elan edib və AB təmsilçisinə Venesuelanı tərk etməsi üçün 72 saat vaxt verilib.