Milli Prioritetlər növbəti 10 ildə həlli vacib olan istiqamətləri özündə əks etdirir

25 Fevral 2021 11:30 (UTC+04:00)

"Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir".

Prezident İlham Əliyev cənablarının "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında sərəncamında qeyd edilən bu fikirlər bir daha təsdiq edir ki, dövlət başçısının müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Dövlət başçısının imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamda deyildiyi kimi, Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.

Bu nailiyyətlər 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə də transformasiya olundu. Ötən il noyabrın 10-da imzalanmış tarixi bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından ölkə əhalisinin rifahı üçün tam istifadə olunmasına real zəmin yaradır. Əlbəttə ki, əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla inkişafa yeni imkanlar açacaq. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, yüksək rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Bu gün Azərbaycan, əslində, indiyədək dünyanın heç bir ölkəsində müşahidə olunmamış dinamika ilə öz inkişafına davam edir.

Bununla belə dövlətimizin başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritetlər bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq. Birmənalı olaraq, bu Milli Prioritetlər böyükdən kiçiyə, bütün təbəqələri əhatə etməklə bütün insalarımızın rifah səviyyəsinin yüksəlməsinə və dövlətimizin iqtisadi qüdrətinin artmasına sərrast hesablanmışdır.

Bu sənəddə, ən əsas hədəf işğaldan azad olunan torpaqlarımızın bərpasıdır. Sənəddə deyilir ki, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalı, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaq. Planlı şəkildə görülmüş işlərlə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların məskunlaşması üçün əlverişli imkanlar açacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, xidmətlərin əlçatan olması nəzərdə tutulur. Bundan əlavə, Böyük Qayıdış əsas hədəflərdəndir və insanların azad olunmuş ərazilərdə yerləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirməsi, infrastrukturun formalaşdırılması, növbəti mərhələdə sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın reallaşması həyata keçiriləcək. Bu da, Böyük Qayıdışın reallaşmasına imkan yaradacaq.

Göründüyü kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Azərbaycanın davamlı yüksəlişinə böyük töhfələr verməklə bərabər, bu Milli Prioritetlərin reallaşması həm də milli birliyimizin daha bir təntənəsi kimi öz təzahürlərini tapacaq. Çünki bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaratmaqla yanaşı, Qarabağın dirçəliş prosesini daha da sürətləndirəcək, erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, Qarabağımız ən yaxın illərdə gülüstana çevriləcək, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.

Bir sözlə, bu Prioritetlər qarşıdakı 10 il ərzində sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması ilə iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri