Xocalı soyqırımı: ermənilərin insanlığa qarşı cinayəti - ŞƏRH

25 Fevral 2021 11:26 (UTC+04:00)

Tarixi saxtalaşdırmaqla tarix yaratmaq olmaz! Tarixən Azərbaycan torpaqları üzərində formalaşdırılmış və "Böyük Ermənistan" xülyası erməni saxtakarlıqlarına rəvac verən faktorlardan biridir. Ancaq unudurlar ki, hansısa tarixçi alimin sosial şəbəkə səhifəsini silməklə tarixi saxtalaşdırmağa nail ola bilməyəcəklər.

Bu gün XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik. Bu soyqırımı Azərbaycan xalqının ümummilli faciəsidir. Ulu Öndər Heydər Əliyev demişdir: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir".

Xocalı yarası qəlbimizi həmişə sızladacaq və 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. 29 il bundan əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub.

Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Belə ki, Ümummilli Liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı Soyqırımı Günü haqqında" xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Xocalı faciəsi bəşər tarixində iki misli görünməyən Xatın və Sonqmi faciələrini öz müdhişliyi, dəhşəti və insanlığa sığmayan hadisələri ilə geridə qoydu. Xocalı faciəsi dünyada analoqu olmayan soyqırımı aktı kimi tarixə düşdü və erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi yazıldı.

Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə fəaliyyətləri nəticəsində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması yönümündə qazanılan uğurlar göz önündədir. Həmçinin, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da bu istiqamətdə təbliğat işinin daha da gücləndirilməsinə böyük dəstək olub.

Ancaq bu terrorçu Ermənistan anlamırdı ki, onun qarşısında Güclü Azərbaycan, onun Güclü Lideri və Gücül Azərbaycan Ordusu dayanıb. Azğın, işğalçı, terrorist Ermənistan sentyabrın 27-də törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Bir sözlə, 44 gün davam edən Vətən Mmüharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan dünyaya göstərdi ki, böyük, yenilməz xalqdır və bu Zəfər Qələbəsi müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır və Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".

MƏHƏBBƏT İBRAHİMOVA,

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri