Bakıda keçmiş məhkum avtomatla yaxalandı FOTO

25 Fevral 2021 11:20 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.