AVRO-2020: Azarkeşlərlə bağlı qərarın vaxtı dəqiqləşdi

25 Fevral 2021 11:18 (UTC+04:00)

UEFA azarkeşlərin AVRO-2020-yə buraxılma formatını aprelin 7-də müəyyənləşdirəcək. SİA-nın məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin TASS-a açıqlamasında deyib.

O bildirib ki, fanatlarla bağlı bütün suallara həmin tarixdə aydınlıq gələcək.

Turnirin təşkilatçıları dörd ssenarini (tribunaların tam dolması, maksimum azarkeş tutumunun 50 faizdən 100 faizədək, 20 faizdən 30 faizədək dolması və ya oyunların tamaşaçısız keçirilməsi) nəzərdən keçirirlər.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.