Ermənistan futbolunda hakimliklə bağlı qalmaqal

24 Fevral 2021 11:33 (UTC+04:00)

Futbol üzrə Ermənistan Premyer Liqasının ən böyük problemi hakimliklə bağlıdır.

SİA "1in.am" saytına istinadən xəbər verir ki, əksər turlardan sonra klublar referilərin idarəçiliyindən şikayətlənirlər.

Son olaraq, "Pünik"in sahibi Artur Soqomonyan hakimlərdən narazılığını bildirib. Funksioner "Ararat-Armeniya" ilə matçın referisi Artyom Qasparyanı rəqibin lehinə qərarlar verməkdə ittiham edib. Həmçinin o, "Ararat-Armeniya"nın baş direktoru Poqos Qalstyanın Rusiyada hakimlərlə işləmək və digər çirkin əməllərlə tanındığını qeyd edib.

Ermənistan mətbuatı yazır ki, ölkə futbolunda hakimlik normal səviyyədə olsaydı, ən məşhur klublardan birinin sahibi digər komandanın baş direktorunu bu cür ittiham etməzdi: "Təəssüf ki, bu cür hadisələr nəinki erməni futboluna kölgə salır, həm də sağlam rəqabəti sarsıdır. Keçmiş çempionatlar qalmaqalla başa çatıb. İki il əvvəl hakimlərin səhvi üzündən "Pünik" çempionluğu itirib. Ötən mövsüm də səs-küylü olub. Vəziyyəti düzəltmək üçün konkret addımların atılmaması xüsusilə narahatlıq doğurur. Hər il nəticələr şübhə altına alınarsa, yaxın gələcəkdə sponsorlar klublara pul ayırmağı və yüksək nəticələr üçün mübarizə aparmağı mənasız sayacaqlar".

Qeyd edək ki, bu mövsüm Ermənistan çempionatı 10 komanda ilə başlasa da, Qafanın "Qandzasar" komandası yarımdan kənarlaşdırıldığı üçün say 9-a enib. Hazırda turnir cədvəlinə 10 oyundan 21 xalla "Ararat Armeniya" başçılıq edir. "Pünik" isə 11 oyundan 5 xalla 9-cudur.