Ermənistanda hakimiyyətə yeni bir iddialı

24 Fevral 2021 11:11 (UTC+04:00)

Biz Ermənistandakı son yaşantılardan bir çox erməni səlahiyyətlilərinin yararlanmağa çalışdıqları barədə yazmışdıq. Ermənilərin “Politik.am” saytı belələrindən birini “köhnə hiyləgər” kimi təqdim edir: Andranik Koçaryan. Təbii ki, bu, erməni saytının gəldiyi qənaətdir və hər halda erməni ermənini daha yaxşı tanıyar. SİA bu barədə erməni mənbələrinə istinad edir.

Beləliklə, Andranik Koçaryanın erməni siyasətində 90-cı illərdə peyda olduğunu yazan erməni saytı, onu çoxsaylı qalmaqal və sensasiyalı açıqlamaları ilə tanındığını bildirir. Koçaryanı vaxtilə anti-Rusiya təbliğatçılarından biri kimi təqdim edən, sayt hazırda onun arxa plana cəkilib “altdan-altdan” iş gördüyünü bildirir. Yəni, erməni saytının ehtimalına görə, Andranik Koçaryan yüksək ambisiyalara sahib olmaq üçün hazırda hökumət daxilində öz dəstəsini qurmaq üzərində işləyir.

Maraqlıdır ki, sayt bunun üçün əsas da gətirir. Məsələn, köhnə dostu Vaqarşak Arutunyanın Ermənistanın müdafiə naziri postuna təyin olunmasını sayt məhz Andranik Koçaryanın adı ilə bağlayır. Bundan başqa, Qaqik Canqiryanın Ali Məhkəmə Şurasının üzvü, Aşot Zakaryanın isə Hərbi Polisin rəisi vəzifəsinə təyin olunmasını da Koçaryanın adı ilə əlaqələndirir.

Hətta bu yaxınlarda Ermənistanda formalaşacaq Daxili İşlər Nazirliyinə rəhbərliyinin də Koçaryanın yaxın adamlarından birinə həvalə ediləcəyi barədə xəbərlər dolaşmaqdadır.

Sayt “köhnə hiyləgər”in hazırda hakim “Mənim addımım” blokundan olan bir çox deputatı öz tərəfinə çəkərək artıq “ortaqlar qrupu” yaratmağı bacardığını da bildirir. Saytın iddiasına görə, Koçaryanın əl altından gördüyü bütün bu işlərin guya Nikol Paşinyanı dəstəkləməyə hesablandığı təəssüratını yaratmağa çalışsa da, amma məsələnin mahiyyəti tam başqadır.

Belə görünür ki, Andranik Koçaryan da artıq Nikolun yerinə iddialıdır. Maraqlıdır ki, bu məsələ ilə bağlı daha maraqlı bir nüansı da sayt bildirir. Məsələn, sayt Andranik Koçaryanın heç vaxt Nikol Paşinyanı dəstəkləmədiyini, sadəcə, özünün həddindən artıq iddialı oyununu oynadığını və nə vaxtsa hakimiyyəti Nikol Paşinyandan almaq üçün məqam gözlədiyini yazır.

Ağasəf Babayev