Sevinc Osmanqızı ilə Əli Kərimli niyə küsüşdülər?! İRONİYA+ HƏQİQƏT

23 Fevral 2021 13:28 (UTC+04:00)

Oktay Hacımusalı: “Bizim eradan əvvəl radikal müxalifət beş-üç nəfərlə elə bizim eradan qalma şüarları ilə mitinq keçirəndə və istədiyini əldə edə bilməyəndə dərhal Əli bəy yayxanırdı köhnəlməyən əzəli və əbədi divanına və bağlanırdı Osmanqızının yutub kanalına”

“Üç ay bundan öncəsinə kimi Osmanqızının kanalından düşməyən Əli Kərimli trollarına əmr verib ki, aləmi vurun bir-birinə, hücum çəkin Sevinc Osmanqızının üstünə. Əslində, burada təəccüblü heç nə yoxdur, çünki Azərbaycanın radikal müxalifət düşərgəsi bir növ belə süni dava-dalaşlara, yalançı və talançı şoulara çoxdan adətkərdə olub”. Bu fikirləri SİA-ya hazırda Türkiyədə yaşayan və fəaliyyət göstərən siyasi yazar Oktay Hacımusalı yazıb.

“Zaman zaman özünü müxalifətin lideri hesab edənlər arasında da, müxalifətə gələn pulları bölənlər, ya da bölə bilməyənlər arasında belə qalmaqallar yaşanıb, yaşanır və yəqin nə qədər bu təfəkkür dəyişməyibsə, yaşanacaq”, deyə qeyd edən jurnalist ironik şəkildə bildirib ki, bizim eradan əvvəl radikal müxalifət beş-üç nəfərlə elə bizim eradan qalma şüarları ilə mitinq keçirəndə və istədiyini əldə edə bilməyəndə dərhal Əli bəy yayxanırdı köhnəlməyən əzəli və əbədi divanına və bağlanırdı Osmanqızının yutub kanalına: “Hətta başyarılma şousunda da başı yarıldıqdan düz yarım saat sonra onu biz Sevinc Osmanqızının efirində siyasi mərsiyələr deyəndə gördük. Elə yadımızda qalıb, nə edək? Ya da zaman-zaman Meydan tv və digər antimilli qüvvələrdən maliyyələşən internet resursları üçün ayrılan pullar üstündə elə saçyoldular düşüb sosial şəbəkələrdə ki, gəl görəsən!”.

“Məsələn, götürək elə Xədicə İsmayıl – Sevinc Osmanqızı söz duelini... Ya da bir birinə “şərəfsiz” – deyən Məhəmməd Mirzəli ilə Tural Sadıqlını yadımıza salaq...”

Oktay Hacımusalı bizimlə söhbətində daha bir neçə qarşıdurmaları da xatırladaraq bütün bunların təməlində qrant maraqlarının, həmçinin, Azərbaycanın Qarabağda qazandığı qələbəsini həzm edə bilməmələrinin reallıqları dayanıb: “Məsələn, götürək elə Xədicə İsmayıl – Sevinc Osmanqızı söz duelini... Ya da bir birinə “şərəfsiz” – deyən Məhəmməd Mirzəli ilə Tural Sadıqlını yadımıza salaq. Onsuz da bütün az çox siyasətdən başı çıxanlar bilirlər ki, otuz ildir siyasi ritorikasını dəyişməyən, ağa qara deməyə öyrəşmiş müxalifət qazanılan Qarabağ zəfərini həzm edə bilmir. Bilir ki, zaman-zaman tənqid yeri kimi üstünə getdiyi iqtidarı artıq tənqid etməyə yeri qalmayıb. Bilir ki, Qarabağın azad olunması ilə, qazandığımız zəfərlə bağlı dedikləri qarayaxmalara artıq inanan yoxdur. Xalq şücaətli Azərbaycan ordusunun, başda cənab Ali Baş Komandan olmaqla, qazandığı zəfərin dadını çıxarır doya-doya. Və onu da bilir ki, bu andan etibarən Azərbaycan artıq nəhayi hədəfləri olan, sabaha real addımlar ataraq irəliləyən dövlətə çevrilib. Bu andan etibarən iki-üç nəfəri aldadıb “sosial problem” - “sosial problem”, ya da “Qarabağ” deyərək mitinqlərə yığa bilirdisə, artıq bunu da edə bilməyəcək. Çünki Qarabağ bizimdir! Çünki ölkədə ciddi sosial-iqtisadi, siyasi-ictimai, mədəni- humanitar, bütün sahələrdə, sistemli islahatlar gedir. Təbii ki, bundan narahat olan qüvvələrin sayı da az deyil”.

“Axı, bir ucu Anadoluda, bir ucu Orta Asiyada olan, lap uzaq Çinə kimi uzanıb gedəcək önəmli iqtisadi marşrutların ev sahibi bu şanlı zəfərdən sonra ölkəmiz oldu”

“Azərbaycanın daha da böyüyəcəyini, daha da qüdrətlənəcəyini, yeni iqtisadi rıçaqları əlinə alıb dostunu sevindirib düşməninə göz dağı verəcəyini bilən qüvvələr niyə narahat olmasınlar?”, deyə davam edən siyasi yazar bildirir ki, artıq regional güc olan Azərbaycan Qarabağ zəfərinin ardından sistemli şəkildə regionun bundan sonrakı durumunu, xəritəsini dizayn edir: “Təbii ki, narahat olacaqlar və narahat olmalıdırlar da. Axı, bir ucu Anadoluda, bir ucu Orta Asiyada olan, lap uzaq Çinə kimi uzanıb gedəcək önəmli iqtisadi marşrutların ev sahibi bu şanlı zəfərdən sonra ölkəmiz oldu. Bunun geosiyasi dividentlərini o insanlar bilməyəcək qədər axmaq deyillər axı”.

“Osmanqızı da ordan “marqat” edir mən burdayam deyə”

Jurnalist bütün bunların arxasında pul qazanmaq həmin qazanılan pulların təməlində dövlət, xalq, millət əleyhinə xəyanətkarlıqların dayandığına işarə edib və bildirib ki, artıq zamanında belələrinə pul-para ayıran dairələr də ayılıblar və bu ünsürlərin əslində hansı yuvanın quşları olduqlarını anlamağa başlayıblar.

“Mən hələ bunun regionun geoiqtisadi çalarını necə dəyişəcəyini hesaba qatmıram. Bir də bu prosesə regionda maraqları olan irili-xırdalı digər qüvvələri əlavə etsək, o zaman Osmanqızı ilə Əli Kərimlinin küsməyinin dərin qatları sizə bəlli olar. İndi bildiniz niyə küsüblər?! Aydın oldu?! Pul gəlib antimilli qüvvələrdən və bu pullar harasa xərclənməlidir. Artıq onlara pul verənlər də ayılıblar. Saxta oyunlar keçərli deyil. Dürüst oynamağı istəyirlər bizim radikallardan. Onlar nə etsinlər, qırılmışları öyrənib axı... Məncə, yaxın gələcəkdə antimilli qüvvələr belə dürüst oynaya biləcək, onlara maddi badalaq gəlməyəcək qüvvə axtarışına çıxacaqlar. Osmanqızı da ordan “marqat” edir mən burdayam deyə. Alın sizə Əli Kərimli ilə aralarının dəyməyinə daha bir səbəb...”, deyə Hacımusalı sonda bildirib.

Rövşən RƏSULOV