"Aparıcılar özlərini elə aparırlar ki, guya telekanallar onlarındır" AÇIQLAMA

23 Fevral 2021 12:35 (UTC+04:00)

Stilist Samiraldo televiziya kanallarından qonorar istəyən müğənni Xatirə İslamı müdafiə edib. Bu haqda SİA-ya stilistin özü açıqlama verib: "Son günlər şou-biznesdə yaman qalmaqalların sayı çoxalıb. Amma mən Xatirə İslamın efirlərdən qonorar istəməsi məsələsinə münasibət bildirəcəm. Bir neçə gündür ki, bəzi məşhurlar sözügedən sənətçinin üstünə düşüb.

Onu qeyd edim ki, Xatirə çox istedadlı, ağıllı qadındır. Sözünü deyən və ən reytinqli sənətçilərdəndir. O, bu vaxta qədər dəfələrlə konsertlər verib. Dövlət tədbirlərində iştirak edib. Odur ki, onun efirlərdən pul tələb etməyə haqqı var. Xatirə verilişlərdən oxuduğu mahnılara görə yox, şərəf və ləyaqətini alçatdığı üçün aparıcılardan haqqını tələb edir. O, efirlərə deyir ki, sayəmdə pul qazanırsınız, ailəmi və nəslimi söydürürsünüz. O da əcəb edib, verilişlərdən pul istəyir. Onu da qeyd edim ki, Xatirə İslamla aram da yoxdur. Çünki o, bir dəfə məni yerə vurub. Lakin mən düzgünlüyü sevən insan olduğum üçün onun haqlı olduğunu dilə gətirdim".

O, bəzi ifaçıları tənqid etməkdən çəkinməyib: "Bəzi müğənnilər düşüklük edib, aparıcıların yanlarında özlərini alçaldırlar. Hələ efirlərə pul verirlər ki, onları verilişlərə dəvət etsinlər və bunlar gündəmdə olsunlar. Sonra da həmin ifaçılar tamaşaçıları qınayır ki, niyə bizə hörmət etmirlər. Anlamırlar ki, Allah onlara səs verib. O səslə dünyaya meydan oxuyarsınız. Lakin başınızın boşluğuna görə siz elə ancaq verilişlərdə qalmısınız".

Samiraldo bəzi aparıcıları da "yıxıb-sürüyüb": "Hazırda aparıcılar özlərini elə aparırlar ki, guya telekanallar onlarındır. Aparıcılar bilsinlər ki, adi insansınız. Özünüzü niyə göylə aparırsınız? Müğənni isə istedaddır. Sənətçilərin səsi Allah vergisidir. Onlara hər zaman hörmət etmək və yüksəyə qaldırmaq lazımdır. Bütün dünya müğənnilərə hörmət edir və baş əyir. Amma Azərbaycanda sənətçiləri yerə vururlar".

Stilist verilişlərə qatılmamasının səbəbini də açıqlayıb: "Mən illərlə efirlərə çıxmışam. Amma elə televiziya kanalı olub ki, oradan pul almışam. Efirlər mənə maaş ödəyib. Onların film və seriallarında rol almışam. Mənim adım onlar üçün reytinq olub. Çünki mən Samiraldoyam. Hamı məni tanıyır. Amma hazırda heç bir verilişə getmirəm. Bundan sonra da məni heç vaxt efirlərdə görməyəcəksiniz. Çünki mən hansısa telekanalın proqramına qatılanda məni alçaldırlar, şərəf və ləyaqətimə toxunurlar. Efirlər mənim sayəmdə reytinq qazanır. Mən isə verilişdən sonra evə gedib, ağlayıram. Tüpürüm belə reytinqə ki, məni alçaldırlar və incidirlər.

İndi də məni verilişlərə dəvət edirlər. Amma mən ağıllı addım atıb, dəvətlərini qəbul etmirəm. Çünki mən efirlərə görə tanınmamışam. Bir "Açıldı" sözünə görə məkan açılışlara gedirəm. O sözdən istifadə edib, pul qazanıram. Məkan açılışlarında bir lenti kəsməyimə görə sevənlərim saatlarla məni gözləyib, şəkil çəkdirirlər. Çünki mən özümə hörmət qoyuram, Samiraldoyam".