Məktəblinin Ukrayna hərbçisindən tələbi

23 Fevral 2021 10:45 (UTC+04:00)

Ukraynanın Dnepr şəhərində 11-ci sinif şagirdi ilə Ukrayna hərbi lisey müəllimləri arasında qalmaqal yaşanıb. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin yeddi ali təhsil müəssisəsinin nümayəndələri ölkənin əksər məktəbləri ilə yanaşı, Dnepr şəhərindəki məktəblərdən birində də yuxarı sinif şagirdlərini hərbi liseylərə cəlb etmək üçün tədbirlər keçiriblər.

Şagirdlərin dediyinə görə, Lvovdan gələn hərbi lisey nümayəndəsi Ukrayna dilində o qədər də yaxşı danışa bilməsə də, amma fikirlərini çatdıra bilib. Amma Kiyevdən gələn lisey nümayəndəsi birbaşa rus dilində danışmağa başlayıb. Sinifdə olan iki müəllimin susmasına rəğmən, şagirdlərdən biri kiyevli hərbçiyə etiraz edərək ondan ukrayna dilində danışmağı tələb edib.

Qeyd edək ki, tədbirin səhəri günü hadisədən xəbər tutan məktəb direktoru həmən şagirdin valideynlərini məktəbə cağıraraq onlara övladlarının hərəkəti barədə giley edib. Maraqlıdır ki, məktəb direktoru ilə razılaşmayan ata oğlu ilə qürur duyduğunu bildirib.

O, hətta məktəb direktorunu ittiham edib: "Biz bu cür “hərbi” və “müəllim”lərlə hansı bir müstəqil Ukrayna quracağıq?".

Yeri gəlmişkən xatırladaq ki, 2019-cu ilin yazında Ukrayna Parlamenti “Ukrayna dilinin dövlət dili kimi işlənməsini təmin etmək haqqında” qanun qəbul edib. Sənəddə xüsusi “Linqvistik komissiya”nın yaradılması, habelə müdafiəsi üçün komissar vəzifəsinin təqdim edilməsi də nəzərdə tutulub. Qanun Ukrayna dilini bilmə səviyyəsini təyin edən vəzifəli şəxslər üçün imtahan tətbiq edilməsini və qanun pozuntusuna görə cərimə edilməsini təklif edir. Cərimə 5,1 min qrivnadan (184 dollar) 6,8 min qrivnaya (245 dollar) qədərdir.

Ukrayna ərazisindəki xidmət sahəsində Ukrayna dilinin məcburi istifadəsinə dair norma isə artıq bu il yanvarın 16-da qüvvəyə minib.

Ağasəf Babayev