Əslində 23 Fevral nə günüdur?

22 Fevral 2021 20:00 (UTC+04:00)

Qırmızı Ordunun soyqrım əməliyyatları

SSRİ dönəmində "23 fevral" "kişilər" günü

Artıq tarixə qovuşaraq keçmişdə qalsa da açdığı atəşlərin güllə izləri hələ getməyib, vurduğu yaraların qaysağı hələ sağalmayıb. Dünyadan təcrid olunmuş, özünü- sovet vətəndaşını, izolə edilmiş tikanlı məftillər arasında "Xalqların qardaşlıq həbsxanasında" tutaraq xoşbəxtlik nəğməsi oxumağa vadar edən Sovet İttifaqının öz ideologiyası, öz bayramları var idi. Beynəlxalq təqvim və SSRİ sərhədlərindən kənar bütün varlıq və mövcudat sovet ideoloji pəncərəsindən baxılır, sovet ideoloji optik eynəyi vasitəsiilə görülürdü.

Bu - "Xalqların qardaşlıq həbsxanası"nda hər şey sovet ideologiyası dalğasında çalışırdı. Göz yalnız ideoloji baxışla baxa, qulaq yalnız ideoloji siqnalları eşidə bilərdi və bu baxış və səs siqnalları düşüncəni müəyyən edirdi - sovet ideologiyasını.

Başqa cür görüb eşitmək isə düşüncəni korlaya bilərdi - bu isə cəmiyyətə yad elementin "xəstəliyin" , "virusun", epidemiyanın düşməsinə, yayılmasına səbəb ola bilərdi. Ona görə də Sovet tezliyindən kənar istənilən baxış və səs siqnalı qəbul edə bilən vətəndaş sadəcə olaraq məhvə məhkum idi.

23 Fevral Sovetlər dönəmində " kişilər bayramı", "kişilər günü" kimi illərlə şüurlara yeridilib, hətta hərbi xidmətlə bağlı bir nostalgiya da "uydurulub".

Bəs əslində 23 Fevral nə günüdur?

Bu tarix 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Ordu ilk dəfə iştirak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda 1918-ci il 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar. 1923-1946-cı illərdə 23 fevral tarixi “Qırmızı Ordu və Donanma Günü”, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunmağa başladı.

Qafqazda azadlıq əldə etmiş gənc müstəqil dövlətlərə qarşı işğalçı hərbi əməliyyatlarda iştirak etmiş, kütləvi qırğınlar törətmiş XI Qırmızı Ordu Sovet Rusiyası qoşunlarının Qafqaz cəbhəsinin tərkibinə daxil edilmiş iri hərbi birləşmə idi.

Bolşevik inqilabı nəticəsində Ağ ordunun yox olması ilə Qafqazda qeyri-sabitlik meydana gəldi. Qafqazda 3 etnik millət olan; Gürcülər, Azərbaycanlılar və Ermənilər müstəqilliklərini elan etdi. Leninin Sovetləşmə planının ilk hədəfi Qafqaz idi. Bu səbəbdən ilk hədəf Gürcüstan Demokratik Respublikası idi. Qırmızı Ordunun üstün qüvvələri Tiflis Əməliyyatını təşkil edərək qısa müddətdə Gürcü qüvvələrini məğlubiyyətə uğratdı. Nəticədə Sovetlər birliyi Gürcüstanı özünə tabe etmişdir. Qırmızı Ordu Saritsını, Həştərxanı və bütünlükdə Şimali Qafqazın Xəzərboyu ərazilərini bolşevik nəzarətinə aldıqdan sonra cənuba doğru irəliləmək və Azərbaycanı işğal etmək tapşırığı almışdı. Həyata keçiriləcək işğalçılıq yürüşü Bakı əməliyyatı adlandırılmışdı. Ordunun bütün şəxsi heyəti 72472 nəfərdən ibarət idi. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Qırmızı Ordu qüvvələri qüvvələri heç bir xəbərdarlıq etmədən və beynəlxalq hüquq normalanın kobudcasına pozaraq müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədini keçdilər Yalama və Sarvan döyüşlərindən sonra mövcud mürəkkəb şəraitdən istifadə edərək, qısa müddət ərzində ölkəni işğal etdilər. Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdılar.

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə XI Qırmızı Ordu 1920-ci il aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Demokratik Respublikasını deviriblər. Bakının şimal girişində “XI Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları yüzlərlə adamı qətlə yetiriblər.

Məhz 100 il bundan əvvəl 28 aprel 1920-ci ildə Sovet qoşunları tərəfindən Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyularaq bu ərazilər işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Həmin dövrlərdə Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.

Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib.

1986-ci ildən sonra SSRİ-nin tərkibində olan respublikalarda vüsət alan ümumxalq hərəkatlarının iştirakçıları imperiya zülmünə qarşı çıxaraq müstəqillik uğrunda mübarizəyə qalxdılar. Qorbaçovun rəhbərlik sovet dövlətinin hərb maşını isə nəyin bahasına olursa-olsun xalqların milli-azadlıq hərəkatını boğmağa çalışırdı. Totalitar rejim süqutu ərəfəsində törətdiyi cinayətlər hesabına Qazaxıstanda, Gürcüstanda, Azərbaycanda, Litvada ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc insanlara divan tutdu, kütləvi terror nəticəsində yüzlərlə günahsız adam qətlə yetirildi və həbs olundu.

SSRİ prezidenti M.S.Qorbaçovun əmrilə 1986-cı il 17 dekabrda Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 5-ci idarəsinin rəisi general-polkovnik Bobkovun rəhbərlik etdiyi hərbi qüvvə Qazaxıstan paytaxtı Alma-Atada keçirilən nümayişi yatırtmaq üçün bu Orta Asiya respublikasına yeridildi. Həmin gün Alma-Atada imperiyanın zülmünə etiraz edən dinc əhali küçələrə çıxmışdı. O vaxtadək sovet xalqlarına xilaskar ordu kimi təlqin edilən Qızıl Ordu dinc nümayişçilərlə vəhşicəsinə davranaraq onlara divan tutdu. Nəticədə 174 nəfər insan qətlə yetirildi, yüzlərlə insan yaralandı və həbs olundu.

Daha sonra 1989-cu il aprelin 9-da Gürcüstanda Moskvanın ikili siyasətinə etiraz edən kütlə Tiflisdə dinc nümayiş keçirirdi. Qorbaçovun göstərişilə Tiflisə yeridilən rus qoşunları Alma-Atada törətdikləri qanlı hadisələri burada da təkrarladılar. Tiflis olayları zamanı hətta əhaliyə qarşı kimyəvi silah da tətbiq olundu. Əməliyyət nəticəsində 19 nəfər qətlə yetirildi. Onlardan 15-i qadın (iki nəfər 15-16 yaşlı qızlar) olub. 1000-dən çox adam rus ordusunun onlara qarşı istifadə etdyi kimyəvi silahdan zəhərləndi.

Bu qanlı hadislərən davamı olan ən dəhşətlisi 1990-cı il 20 yanvar tarixində Qara Yanvar, bəzən Qanlı Yanvar faciəsi adlanan keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş həmin qırğında yüzlərlə insanın qətlə yetirilmiş, onlarla insan yaralanmış və itkin düşmüşdür. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçulardan 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur.

1991-ci ilin yanvarın 13-də İmperiya rəhbərliyinin əmrilə bu dəfə Vilnüsə girən Qızıl ordu Litvada meydana çıxan ölkə vətəndaşlarına qarşı növbəti qətliamı törətdi. Dinc əhaliyə qarşı olunan bu zülmlər nəticəsində 14 nəfər öldürüldü, yüzlərlə insana ağır bədən xəsarətləri yetirildi. Bununla belə mübarizəni davam etdirən Litva xalqı 1991-ci ilin fevralında keçirilən referendumla müstəqilliyini elan etdi. Həmin il sentyabrın 6-da isə Rusiya Litvanın müstəqilliyini tanımağa məcbur oldu.

Qırmızı Ordunun Azərbaycanlılara qarşı soyqrım əməliyyatı

Qırmızı Ordunun nəzdində olan 366 polku 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin iştirakı ilə Xocalı şəhərini işğal etmişdir. Bu qanlı aksiya zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmişdir. Dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rus və Erməni silahlı qüvvələrinin başlatdığı raket, tank, top və kimyəvi silahların istifadə edildiyi hücumlarla Xocalıda tarixin ən vəhşi qırğını baş verdi.

23 Fevral nə günüdür?

Qırmızı Ordunun - SSRİ silahlı qüvvələrinin yaranma günü olan 23 Fevral "Xalqların qardaşlıq həbsxana"sının rəhimsiz, cinayətkar cəlladlarının strukturlaşdığı gündür. Bir çox xalqların və millətlərin düşməni olan sovet ideologiyası - bu düşüncə kənarında varlıq və mövcudatı bu sərhədlər daxilində təsəvvür edə bilmirdi. Xüsusən də Azərbaycan- Türk, müsəlman xalqını.

Qırmızı ordu və Sovet ideologiyası əks düşüncə, yad element və yaxud çərçivədən kənar mövcudatı dərhal məhv edirdilər. İkinci yanaşma yox idi.

23 Fevral - Sovet İttifaqı Silahlı Qüvvələr günü - Sovet sərhədləri daxilində "kişilər günü"nü sovet ideoloqları bu ordunu işğal edib kütləvi şəkildə məhv etdiyi xalqlara xilaskar, humanist ordu kimi beyinlərə yeridərək 23 fevralı "kişilər bayramı" kimi təqdim etmişdilər.

RESURS Analitik İnformasiya Mərkəzi