Ermənistan üçtərəfli bəyanatı pozdu! Növbəti dəfə

22 Fevral 2021 15:44 (UTC+04:00)

44 günlük müharibədən sonra Azərbaycan qarşısında kapitulyasiya aktına imza atan Ermənistan üçtərəfli bəyanatda qəbul olunmuş müddəaları kobud şəkildə pozmaqda davam edir. SİA xəbər verir ki, son zamanlar Ermənistanın dövlət və hökumət nümayəndələrinin Qarabağa səfərləri mütəmadi xarakter alıb və həmin səfərlərin məqsədi "iki ölkə", daha dəqiq desək, "iki erməni dövləti" marağında gerçəkləşir.

Erməni KİV-ləri yazır ki, bu dəfə Ermənistanın fövqəladə hallar naziri Andanik Piloyan Xankəndinə səfər edərək, orada separatçı, quldur və saxta "prezident" Araik Arutunyanla görüşüb, "Stepanakertlə Yerevan arasında fövqəladə hallar üzrə müzakirələr aparılıb".

Üstəlik, görüşdə "dqr"in "daxili işlər naziri" Karen Sarkisyan da iştirak edib.

"Fövqəladə hallar zamanı Ermənistanın və "artsaxın" müvafiq qurumlarının birgə fəaliyyətləri müzakirə edilib", deyə məlumatda bildirilir.

Xatırladaq ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistanın hakimiyyət nümayəndələri dəfələrlə (!) bu kimi səfərləri həyata keçiriblər və indi də həmin səfərlərdən biri reallaşdırılıb.

Rövşən RƏSULOV

P.S. Onu da qeyd edək ki, hazırda ölkəmizin ictimaiyyətini maraqlandıran daha bir fakt qondarma "dqr"in 33 illiyinin qeyd edildiyi gün Rusiya sülhməramlılarının həmin saxtakar tədbirə qatılmaları, hətta erməni terrorçularının məzarlarına gül-çiçək dəstələri düzmələridir.