Vitiliqo xəstəliyi yoluxucu deyil

22 Fevral 2021 00:04 (UTC+04:00)

Vitiliqo dünya əhalisinin bir faizində müşahidə edilir. Xəstəlik özünü dəridə ağ ləkələr şəkilində göstərir. Bu xəstəliyin səbəbləri nədir? Vitiliqo yoluxucudurmu? Müalicə ehtimalı varmı? SİA bununla bağlı dünya mətbuatına istinad edir.

Vitiliqo latın dilindən tərcümədə dəri xəstəliyi mənasını verir.

Tibbi dildə bu xəstəlik “piqmentasiyanın pozulması, melanin piqmentinin dərinin müəyyən bölgələrində itməsi” kimi təqdim edilir. Xəstəlik müşahidə edilən insanların dərisində ağ ləkələr əmələ gəlir. Qeyd edilməlidir ki, dəri normal rəngini itirsə də, amma sağlam qalır.

Hər şeydən əvvəl bildirək ki, xəstəliyi olan insanların 50 faizində simptomlar 20 yaşından əvvəl görünür. Xəstəlik yaşayış tərzlərindən asılı olmayaraq, dünyanın hər yerində müşahidə edilməkdədir.

Vitiliqonun irsi olması ehtimal edilsə də, yoluxucu xəstəlik hesab edilmir. Tiroid bezi kimi bədənə təsir edən digər otoimmün xəstəliklər kimi müalicə edilə bilən bir otoimmün xəstəlikdir. Vitiliqonun yüksək və aşağı dövrləri olur.

Xəstəliyin gedişatına nəzarət etmək üçün müalicə lazımdır. Erkən mərhələdə diaqnoz qoyulubsa (xəstəliyin başlanğıcından sonrakı ilk 6 ay ərzində), intensiv dərman müalicəsi, ultrabənövşəyi şüalar və daha da inkişafının qarşısını alan bir sıra dərmanlar təyin edilir.

Həkimlər ultrabənövşəyi şüaların vitiliqo üçün əsas müalicə üsullarından biri olduğunu və erkən müalicənin xəstənin sağalmasına böyük töhfə verdiyini bildirirlər.

Maraqlıdır ki, son zamanlar xəstəliyi kosmetik üsulla da müalicə edirlər. Bu vəziyyətdə ləkələrin rəngini dəyişdirə və dərini təbii görkəminə qaytara biləcək müəyyən kosmetik məhsulların köməyindən istifadə edirlər.

Ağasəf Babayev