Naxçıvanın “Uludağ”ı, yaxud Ağbulağın geniş açılan qapıları - FOTOLAR

18 Fevral 2021 18:11 (UTC+04:00)

Çoxdan paytaxt Bakıda yaşayan dostum 15 il sonra Naxçıvana gələndə Ağbulaq Turizm Mərkəzinə apardım. İlk sözü bu oldu ki, bir vaxtlar mənə desəydilər ki, vaxt gələcək Naxçıvanda Qış Turizm Mərkəzi olacaq, inanmazdım. Sonra bir az zarafata da saldı:

“Burda kef edirsiniz... Camaat belə məkanlara getmək üçün ölkə-ölkə, şəhər-şəhər dolanır. Od qiymətinə bilet tapır, otel rezerv edir, günlərini yollarda keçirir... Naxçıvan şəhərinin mərkəzindən 35 dəqiqəyə geniş asfalt yolla bura gəlirsiz və tərtəmiz dağ havasında Uludağdakından da rahat və ucuz, 50-60 manata istirahət edib gedirsiz... Pandemiya yox, korona yox... Maska taxmaqdan da burnunuz yara olmayıb”...

Sadə görünən həqiqətlər

Əslində, bəzən kənardan baxanda hər şey çox sadə görünür. Sanki tikib-qurmaq, yaratmaq bir sehrli çubuğa toxunmaq qədər sadədir. Naxçıvan həqiqətlərini gözdən keçirib hər şeyə daha geniş düşüncə ilə yanaşanda görürsən ki, Moskva birdən-birə qurulmadığı kimi, heç Naxçıvan da birdən-birə qurulub bu səviyyəyə çatmayıb. Əvvəl erməni işğalından qorunub, sonra düzgün idarəetmə, iqtisadi və təbii resurslardan səmərəli istifadə nəticəsində böyük zəhmət hesabına müasir mərhələyə gəlib çıxıb. Çox az büdcə və maddi gəlirlərdən (Muxtar respublikanın illik büdcəsi adətən 350-400 milyon manatdan artıq olmayıb, lakin hər il yüzlərlə sosial təyinatlı obyekt tikilib əhalinin istifadəsinə verilib) bir qəpik belə israf etmədən istifadə nəticəsində geniş yol şəbəkələri, sosial infrastruktur sahələri, məktəblər, xəstəxanalar, istehsal müəssisələri qurulub, on minlərlə daimi iş yerləri açılıb, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin edilib. 6 şəhər, 7 rayon, 9 qəsəbə, 203 kəndi özündə birləşdirən Naxçıvan Muxtar Respublikasında müstəqillik illərində 200-ə yaxın təhsil, 400-ə yaxın mədəniyyət, 200-dən artıq səhiyyə, 300-ə yaxın hərbi obyekt istifadəyə verilib, 100 minə yaxın yeni iş yeri açılıb, əhali gəlirləri 67, sənaye məhsulu 114, kənd təsərrüfatının ümumi məhsulu 14 dəfə artıb. Uzun sözün qısası, Naxçıvan blokada şəraitində yoxdan var olmağın real nümunəsini yarada bilib...

Naxçıvanın “smart” şəhər və kəndləri

Addım-addım hədəfə doğru irəliləyən, hətta pandemiya burulğanından belə üzüağ çıxan qədim diyar bu gün dünyaya özünü həm də bir turizm mərkəzi kimi təqdim edə bilir. Az əvvəl vurğuladığım kimi, bu təqdimat üçün illərlə böyük zəhmət çəkilib, ilkin resurslar yaradılıb, kadrlar hazırlanıb, geniş tanıtım və təbliğat işləri görülüb. Məsələn, Azərbaycanın tarixi abidələrlə ən zəngin diyarı olan Naxçıvanda 1200-dən artıq abidə pasportlaşdırılıb, Əlincə qala, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Əshabi-Kəhf, Duzdağ, Xanəgah türbəsi, Möminə Xatın türbəsi, Naxçvanqala kimi dünya əhəmiyyətli yüzlərlə möhtəşəm abidələrimiz əsaslı bərpa edilərək ikinci ömür qazanıb. 30-dan artıq muzey şəbəkəsi fəaliyyətə başlayıb. Yaşıllıq sahələri genişləndirilərək ümumi ərazinin 20 faizinə çatıb, “smart city” (ağıllı şəhər), “smart village” (ağıllı kənd) layihələri reallaşdırılaraq bütün kəndlərdə müasir yollar, kənd mərkəzləri, xidmət sahələri qurulub, fasiləsiz qaz, işıq, içməli su, genişzolaqlı və 4G mobil internet verilib... Onlarla müasir otel və istirahət mərkəzləri yaradılıb. Yaradılan imkanlar turist sayında da özünü göstərir, Naxçıvan ilkin mərhələdə, başlanğıc olaraq hər il 450-500 min civarında turist qəbul edir.

Bu işlərin konkret və real nümunəsini biz Şahbuz rayonunun Ağbulaq Kənd Turizm Mərkəzinin timsalında daha aydın görə bilirik. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclisin Sədri Vasif Talıbov bu barədə 2018-ci ildə xüsusi sərəncam da imzalayıb, həmin sərəncamla Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Turizmin iqtisadi sektordakı əhəmiyyəti nəzərə alınaraq Ali Məclisdə bir neçə dəfə müşavirə keçirilib, Turizm informasiya mərkəzləri, Dövlət Turizm Departamenti, özəl tur firmaları fəaliyyətə başlayıb.

Dünən Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilən Ağbulaq Xizək Mərkəzi isə muxtar respublikanın tarixində bir ilk və Naxçıvanda qış turizminin ilk qaranquşudur...

İki min metr yüksəklikdən baxış

Ali Məclisin Mətbuat Xidmətinin rəsmi məlumatından oxuyuruq ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması bu ərazinin qış turizmi üçün dəyərləndirilməsinə ciddi əsaslar yaradıb. Görülən işlər çərçivəsində kənddə müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, yeni yol, eləcə də Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. 2018-ci ilin aprel ayından kənddə abadlıq işlərinə başlanılıb, sakinlərin bütün evləri və yardımçı binalar, elektrik, rabitə və qaz təchizatı sistemləri dövlət hesabına yenidən qurulub. Həmçinin Ağbulaq kəndində yaşıllaşdırma tədbirləri də görülüb, 250 hektardan çox sahədə ağaclar əkilib. Mərkəzdə tikinti işləri Fransanın qabaqcıl şirkətlərinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, uzunluğu 980 metr olan kanat quraşdırılıb. Kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir. Ərazidə mərkəzi bina, ailəvi kotteclər, kafelər fəaliyyət göstərir. Buradakı xizəklər və müvafiq geyimlər öz keyfiyyəti ilə seçilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.

Qısa təqdimatdan da görünür ki, Naxçıvanın qış turizm brendinə çevrilən Ağbulaq turizm mərkəzi xüsusilə Vətən müharibəsindəki qələbəmizdən sonra Naxçıvana nəqliyyat və kommunikasiyaların açılması üzrə əldə olunan razılıq fonunda daha da cazibədar görünür. Çünki dəmir və quru yollarının açılmasından sonra Naxçıvana istər ölkəmizin başqa bölgələrindən, istərsə də Avropadan, İran və Türkiyədən, Rusiyadan çox sayda turist axını gözlənilir. Bu mənada, Prezident İlham Əliyevin sözləri ilə desək: "Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir".

Çox diqqətəlayiq haldır ki, Naxçıvan artıq əsas iqtisadi gəlir sahələrindən biri olan turizm sahəsində də dünyaya inteqrasiya etməkdədir. Bu, ölkəmizin tanıtım və təbliğatı ilə bərabər həm də yeni iş yerləri, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması deməkdir. Daha bir mühüm cəhət ondan ibarətdir ki, Sovetlər Birliyi dönəmində məktəblilərin yay düşərgələrinin də təşkil edildiyi Ağbulaq indi də yay aylarında fəliyyət göstərmək imkanına malikdir.

“Uludağ” evimizə gəlib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirindəki nitqində mərkəzin əhəmiyyəti barədə deyib:

“Buranın əhəmiyyəti ondan ibarətdir ki, birinci, vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət edəcək istirahət mərkəzi yaradılıb. Digər əhəmiyyəti ondan ibarətdir ki, burada yeni iş yerləri açılıb, ərazi muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin inkişafına xidmət edəcəkdir. Ağbulaq həm yerli, həm də xarici turistlər üçün cazibədar məkana çevrilib. Təmiz hava, təbii qida, yaradılan lazımi infrastruktur imkan verəcək ki, mərkəz muxtar respublikanın inkişafında xüsusi rol oynasın. Bura inkişaf etdikcə dövlət büdcəsinə vergilər ödəniləcək”.

Açığı, əvvəllər televizorlarda, qəzetlərdə gördüyümüz xizəkçilik, qış turizmi, lift-kanat gəzintilərinin indi evlərimizə qədər gəlib çıxmasına inanmaq bir qədər çətindir. Amma bu həqiqətdir. Azərbaycanın, inkişaf edən Naxçıvanın bugünkü mənzərələridir. İndi onlarla naxçıvanlı gənc həm də xizəkçiliyə maraq göstərir, Ağbulağa Türkiyədən dəvət edilmiş peşəkar təlimçilərdən dərs alırlar. Onlar özləri ilə “Uludağ”ın “Palantökən”in havasını Ağbulağa da gətiriblər. Bu inteqrasiyadı, müasirlikdi, brenddi, ümumi yaşayış səviyyəsinin göstəricisidi. İndi 3-4 min dollar xərc çəkib, təyyarələrdə, maşınlarda kilometrlərlə yol qət edib xaricə getməyə ehtiyac qalmır. 200-300 dollara evimizin içində bir həftəlik xizək keyfi yaşaya bilirik. Göründüyü kimi, Naxçıvanda bu cür böyük layihələr icra edilərkən maddi gəlirlərdən çox insanların rahat yaşayışı, sağlamlığı və Naxçıvanın işıqlı gələcəyi düşünülür.

Bir də ki, Naxçıvanın təmiz ekoloji məhsulları, dağ havası, dağ və dərman otları da min dərdə dəvadır. Necə də olmasın, axı “Uludağ” Ağbulağa gəlib...

525-ci qəzet

18.02.2021