F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi “Şeirimizin bayraqdarı” adlı vəsaiti istifadəçilərə təqdim edib. SİA-nın məlumatına görə, vəsait Xalq şairi Səməd Vurğunun 115 illik yubileyi münasibəti ilə hazırlanıb və mərkəzi kitabxanaların uşaq şöbələri, mərkəzləşdirilmiş kitabxana sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Vəsaitdə şairin üç yüzdən yuxarı ictimai-siyasi məzmunlu şeir, iyirmi altı poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerkləri haqqında ətraflı məlumat verilib. Şairin yaradıcılığında vətən və xalq əsas aparıcı motivdir.
Vəsaitin birinci hissəsində şairin zəhmət adamlarının əməyini, hünərini ustalıqla qiymətləndirdiyi “Buxtada”, “Bir səhər”, “Muğan” poeması, “Muğanın yeni dövranı”, “Mingəçevir işıqları” və başqa əsərləri haqqında ətraflı məlumat təqdim edilir. Həmçinin, şairin tərcümələrindən dahi Nizaminin “Leyli və Məcnun” dastanı, rus şairi A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, M.Qorkinin “Qız və ölüm” poemasının təhlili də yer alıb.
Vəsaitin ikinci hissəsində şairin “Vaqif”, “Aygün”, “Bəsti”, “Aybəniz”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” kimi qiymətli dram əsərlərinin müzakirəsi verilib. Vəsaitin üçüncü hissəsində şairin uşaqlar üçün qələmə aldığı “Sənət”, “Bahar şərqisi”, “İki körpə”, “Sünbül”, “Tarla nəğməsi”, “Uşaq bağçası”, “Deyin, gülün, övladlarım”, “Ayın əfsanəsi”, “Vətəninə məftun olacaqdır” şeirləri əsasında hazırlanacaq ədəbi-bədii gecənin ssenarisi istifadəçilərə təqdim edilir. Vəsaitin sonunda mövzuya uyğun ədəbiyyat siyahısı təqdim edilib.