Ruslar da azalmağa doğru gedirlər. Hazırda onların sayının 150 milyon olduğu iddia edilir. Əslində isə bu, reallığı elə də əks etdirmir. Yadımdadır, hələ sovetlər birliyi dağılmamışdı. Rus yazıcısı Vasiliy Belov SSRİ-də slavyan əhalisində heç bir artım olmadığını bildirib “qan ağlayırdı”. Maraqlıdır ki, həmin tendensiya bu gün də davam edir. Ruslarda artım çox aşağı səviyyədədir. Məsələn, dediyim kimi, bu gün əhali sayının 150 milyon olduğunu iddia edən rusların müstəqil demoqrafı Aleksey Rakşa 2040-cı ilədək ölkə əhalisinin130 milyondan da az olacağını etiraf edir.
Maraqlıdır ki, Rakşa Rusiya rəhbərliyindən ölkədə demoqrafik siyasət həyata keçirməsini istəyir.
Təbii ki, o, ruslar arasındakı azalmanın qarşısını almaq üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu da gizlətmir. Onun ehtimalına görə, bunun qarşısını almaq üçün hər il təxminən beş trilyon rubl lazımdır. Demoqrafa görə, ölkədəki ÜDM-nin ən azı 4-5 faizi bu tədbirlərə xərclənməlidir.
Qeyd edək ki, son onilliklərdə dünyanın bütün ölkələrində doğum nisbətində davamlı bir azalma olduğunu bildirən mütəxəssis, bunun qlobal bir dünya trendi olduğunu deyir. Amma maraqlıdır ki, demoqraf bəzi istisnaları da etiraf edib. Belə ki, onun sözlərinə görə, son illərdə Tacikistan, Qazaxıstan, Türkmənistan, Özbəkistanın və digər Asiya ölkələrində əhali sayında xeyli artım olub.
...Rusiya Federal Dövlət Statistika Xidmətinin 2020-ci il əhalisinin ilkin hesablamalarına görə, Rusiyada orta hesabla 146,24 milyon insan yaşayır. Bu, 2019-cu ilə nisbətən 510 min azdır. Ötən ilin dekabrında rusların baş nazir müavini Tatyana Qolikova COVID-19-un yayılmasının Rusiyada ölüm hallarına təsir etdiyini və demoqrafik vəziyyəti çətinləşdirdiyini söyləmişdi. O, əhalinin təbii artımının yalnız 11 Rusiya bölgəsində müşahidə olunduğunu bildirmişdi.
Ağasəf Babayev