Gecələr niyə əlavə yemək istəyirsən?

17 Fevral 2021 10:39 (UTC+04:00)

Çoxlarımızın bu halla qarşılaşdığına elə də şübhə etmirəm: şam yeməyi zamanı doyunca yeməyə baxmayaraq, bir çox hallarda adam yatmazdan əvvəl də aclıq hiss edir. Nə yemək yeyəcəyimizi düşündükcə aclıq hissi bir o qədər güclənir. “Yesəm kökələcəm, yeməsəm yata bilməyəcəm” -düşünüb tərəddüd hissi keçirənlər də olur. Amma maraqlıdır ki, bu barədə nə qədər çox düşünsək də, aclıq hissi o qədər güclü olur.

SİA bu yazını xarici mətbuatın xülasəsi əsasında təqdim edir.

Çox vaxt gecələr iştah sindromunun stress fonunda baş verdiyi iddia edilir. Hər şeydən əvvəl, müasir sürətlənmiş həyat tempinin bir çox insanlarda əsəb gərginliyinin səbəb olduğu etiraf edilməlidir. Bu simpatik sinir sisteminin daimi stimullaşdırılmasına gətirib çıxarır. Axşam evə qayıdıb istirahət etmək parasempatik sinir sistemini aktivləşdirir. Bu zaman mədədə şirə və müxtəlif həzm fermentləri istehsal olunmağa başlayır, mədə-bağırsaq traktının peristaltikası sürətlənir və biz aclıq hiss edirik.

Qeyd edək ki, alimlər gecələr iştah sindromunun üç əlamətinin olduğunu söyləyirlər.

Bunlar axşamlar çox yeyib buna nəzarət etməməniz, yuxu pozğunluqları və əhval dəyişikliyidir.

Gündə bir dəfə yemək və kifayət qədər zülal və ya təmiz yağ yeməmək bədəndə enerji çatışmazlığına səbəb ola bilər. Bu, qanda qlükoza səviyyəsinin düşməsinə və bədənin daima qida istəməsinə səbəb ola bilər.

Tədqiqatlar insan orqanizminin “aclıq hormonu” olan qrelin ifraz etdiyini müəyyən ediblər. Həm yeməkdən əvvəl, həm də axşam ifraz olunan qrelin səviyyəsinin gündəkindən xeyli yüksək olacağı da aşkar edilib. Beləliklə, bütün insanlar axşam saatlarında artan bir aclıq hissi ilə xarakterizə olunurlar. Sadəcə, bu insanlarda fərqli şəkildə- az və ya çox dərəcədə ifadə olunur.

Amma burada maraqlı bir nüans da ortaya çıxır. Məsələn, Harvard Universitetində aparılan təcrübə bir çox insanlarda gecələr yemək istəyinin gendən gəldiyini iddia edirlər. Deməli, gecələr, yatmazdan əvvəl yemək üçün “vurnuxma” cəhdini hamıya şamil etmək düz deyilmiş.

Başqa bir nüans isə gecələr artan iştahın müxtəlif xəstəliklərin ilk əlaməti ola biləcəyinin iddia edilməsidir. Həkimlər bu siyahıya hipertireoz, şəkər, mədə xoraları və s. xəstəlikləri daxil edirlər.

Odur ki, necə deyirlər “...qarın sizdən aşağıdır”...başqa cür desək “çox yemək adamı az yeməkdən də qoyar”.

Ağasəf Babayev