Aparılan tədqiqatlar köpəklərin insanlarla demək olar ki, simbiotik, yəni müxtəlif əlaqə yaratdığını ortaya qoyur. Məsələn, İsveçin gündəlik “Svenska Dagbladet” səhər qəzeti yazır ki, ev heyvanının sahibi ilə əlaqəsi əvvəllər düşündüyümüzdən daha incədir və bu, insanlar üçün də çox faydalıdır.
Maraqlıdır ki, 2000-ci illərdən başlayaraq köpəklər və insanların bir yerdə yaşaması ilə bağlı tədqiqatlar aparılmağa başlanılıb. Maraqlıdır ki, bu tədqiqatlar köpəyin insanları, əvvəllər düşündüyümüzdən də daha yaxşı başa düşdüyünü ortaya qoyub.
Uzun illər köpəklər üzərində tədqiqat aparan İsveçin Linkopinq Universitetinin etologiya professoru Per Jensen köpəyi “tərbiyələndirərkən” müxtəlif yollarla nəyin məqbul və ya nəyin mümkün olmadığını aydınlaşdırmağın lazım olduğunu yazır. Təbii ki, o bunu saxladığı çoxsaylı köpəklər üzərində apardığı müşahidələrə istinadən bildirir.
Qeyd edək ki, isveçli professor köpəkləri ən yaşlı ev heyvanları kimi təqdim edir. Məsələn, o arxeoloji tapıntıların DNT araşdırmalarına istinad edərək, köpəklərin 20 min il əvvəl, hələ buz dövründə insanlarla birgə yaşamağa başladıqlarını iddia edir. O, köpəklərin nəsildən-nəslə inkişaf etdiyini, görünüşcə daha az qurda bənzəmələrini və insanlarla “işbirliyi” qurmağa getdikcə daha çox kökləndiklərini bildirir.
Maraqlıdır ki, professor apardığı tədqiqatları əsas gətirərək köpəklərlə qurdlar arasındakı genlərin müqayisəli olduğunu da bildirir. Amma buna baxmayaqaq, o, köpəklərin zehni xüsusiyyətlərə sahib canavar olduğunu söyləyir. “Yetkin” bir köpəyin mahiyyət etibarilə kifayət qədər bir “uşaq” olduğunu bildirən Per Jensen bunu köpəklərin qurddan fərqlənməsinin əsas amili kimi görür.
Ağasəf Babayev