"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) üzvü olduğu Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) tərəfindən təşkil edilən “Kvebekə gedən yol” mövzusunda onlayn silsilə seminarın ilk görüşü keçirilib.
İdarədən SİA-ya bildirilib ki, “Mədəniyyət və Texnologiya” mövzusunda keçirilən ilk görüşdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin üzvü Cavid Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov və Bakı Xanları İqamətgahının Ekspozisiyası şöbəsinin müdiri Aygül İsmayılova, eləcə də OWHC təşkilatının rəhbərliyi, OWHC-yə üzv olan Krakov, Reqensburq, Varşava, Kvebek və digər şəhərlərin nümayəndələri iştirak ediblər.
Görüşdə əsasən COVID-19 böhranının mədəni irs sahəsinə, turizm sənayesinə təsiri və bu vəziyyətdən çıxış yolları və pandemiyanın bu sahəyə neqativ təsirlərinin azaldılması məsələləri OWHC-yə üzv şəhərlərin nümunəsində müzakirə edilib və təcrübə mübadiləsi aparılıb. Bundan başqa, innovativ texnologiyanın “Turizm”, “Mədəni İrs” və “Mədəniyyət” sahələrində tətbiqinin əhəmiyyəti vurğulanıb və üzləşə biləcəyimiz çətinliklərə toxunulub
