Söyüş söymə!

10 Fevral 2021 13:13 (UTC+04:00)

Bu gəlimli, gedimli dünyada yaşa dolduqca çox məzəli, qəribə, həm də müəmmalı hadisələrin şahidi oluruq. Bəzi hallarda özümüz də sözügedən əndrabadi hadisələrin iştirakçısna çevrilirik. "Həyat bir sınaq, dünya bir təcrübə meydanıdır", deyiblər. Kimisi bu sınaqlara dözümlü yanaşır və həyatını davam edir, kimisi də, ilk həmlədə təslim olub, özünə qapanır, depressiyaya düşür və ən ağır məqamda özünə qəsd edir. Özünəqəsdlə bağlı misallar və sübutlar göstərib, oxucunu yormağa dəyməz. Ən azı ona görə ki, bu kimi ürək ağrıdan hadisələrdən hər kəs məlumatlıdır. Dini kitabımızda qeyd edilir ki, "kimsə, kimisə öldürərsə, o Allahın qanunlarına qarşı çıxmış olur. Kimsə öz canına qəsd etmiş olursa, o Allahın üzünə ağ olmuş sayılır".

Yəni Allahın verdiyi ömürü yaşamaq və ömürünün hər anının qədir-qiymətini bilmək lazmdır. Bəzən ruhdan düşüb, "pulum-param, düz-əməlli işim -gücüm yoxdur", deyib, yaşadığın ömürü qarğıyanlar, qınayanlar olur. Ancaq qəbul etmək lazımdır ki, Allah hər kəsə bir cür ömür yazır- kimisi varlı, kimisi kasıb, başqası qorxaq, satqın, xain, digəri isə cəsur, igid, bir sözlə xeyirli, gərəkli əməlləri ilə tarix yazan. Uca peyğəmbərimiz Məhəmməd (ə.s) demişkən, "elə yaşa ki, sanki heç zaman ölməyəcəksən, həm də elə yaşa ki, sanki indicə öləcəksən". Qısası, özünü dağa-daşa çırpıb, pul-para, mövqe qazanmaq üçün fədakarlıq etsəndə, bir nəticəsi olmayacaq, qeyd etdiyim kimi, Allah nə yazibsa, o da olacaq, artiğini gözləməyə dəyməz. Əsas odur ki, imanlı ol, düzgün və sağlam ömür yaşa, imkanın daxilində insanlara və insanlığa yardımçı olmağa çalış.Hər kəs bu fani hesab olunan dünyanı tərk edəcək və son mənzil məzar olacaq. Şair Zəlimxan Yaqub çox gözəl deyib:

Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.

Sənin, mənim, hər kəsin bu dünyada mövcudluğu, elə bizlərə verilən mükafatdır. Bunu dəyərləndirmək, hər bir adəm övladının müdrikliyi və alicənablığı olar. Həm də "Allaha şükür etmək imandandır" sözləri əbəs yerə deyilməyib. Düzdür, müasir dövrün tələbləri və yenilikləri insanı qeyd etdiyim dəyərlərə sahib olmağa bir o qədər imkan vermir. Çoxları çalışır ki, dünyanın nizam-tərəzisinə uyğun olaraq, özünə və ailəsinə yaşayış qursun. Yəni qonşunun maşını, villası, bağı var, məndə niyə olmasın? Filankəs avamın, savadsızın biri idi, hazırda isə, vəzifə sahibidir, mövqelərə malikdir, mən niyə onun kimi olmayım? Ol, et, amma qaydalardan və tələblərdən kənara çıxmamaq şərtilə. Məsəl var deyərlər, "çox istəyən azdan da olar".

Qisasçılıq və paxılıq hissi ilə işə girişmək, sonda acı sonluqla bitər. Azmı olub qaz vurub, qazan doldurmaq arzusu ilə evini-eşiyini banka qoyub, kredit götürüb, biznesə girişən, ancaq sonda biznesi batıb və bununla da evi əlindən alınaraq, çölə atılıb. Və yaxud vəzifəyə getmək arzusu ilə nəyi var satıb, dostundan, qohum-qardaşından da alıb və "qardaş" dediyi insana verib, nəticədə "qardaşı" dələduz çıxıb. Bir növ it də gedib, ip də. Binəva vəzifə hərisinin normal yaşayışı, "bomoj" həyatına çevrilib. Söz yox ki, gec və ya tez belə tip məxluqlar acıgözlüklərinin və hərisliklərinin ağrı-acısını yaşamalı olurlar, ancaq bədbəxtçilik ondadır ki, onların ailə-uşaqları da əzab-əziyyətli ömür yaşamağa düçar olurlar. Belə düşüncəyə və xarakterə malik pul xəstəsini, vəzifə hərisini öyüd-nəsihətlə başa salmaq, islah etmək mümkün deyil, sadəcə, Molla Nəsrəddin demişkən, "belələrini yıxıb yerə, ağzına-ağzına vurmaqdan başqa çarə qalmır".

İ.ƏLİYEV