Qəbələ RLS-in taleyi necə olacaq? - ANALİZ

20 May 2011 15:03 (UTC+04:00)

RLS-lə bağlı müqavilə şərtləri dəyişməlidir


Məlumata görə, Azərbaycan RLS-lə bağlı yeni müqavilənin hazırlanmasını istəyir. Bakının bununla bağlı bir sıra təklifləri də var. Bu təkliflər sırasında icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması istiqamətində Rusiyanın əlavə yardımlar göstərməsi, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi və s. məsələlər var.

Qeyd edək ki, Azərbaycan hökuməti 2010-cu ilin avqust ayında RLS-in 1997-ci ilə qədər yığılan elektrik enerjisinə görə yaranmış borcunu silib.Görüşlərdə həmin borcun Rusiya tərəfindən ödənilməsi məsələsinin qaldırılması da nəzərdə tutulur. Bu ilin sonuna qədər hazırlanacaq yeni saziş layihəsi ratifikasiya üçün Milli Məclisə göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş "Daryal" tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub.Stansiya 7 min km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir.

Stansiya, həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiyaya ildə 7 milyon dollar icarə haqqı ödəməklə, 2012-ci ilə kimi icarəyə verib. Həmin bazada 4 minə qədər insan çalışır. Bu RLS ən azı 3 rayonun sərf etdiyi qədər elektrik enerjisi sərf edir.


Politoloq: "Stansiyadan birgə istifadə olunmalıdır"


Siyasi ekspertlər RLS-in saxlanması ilə bağlı fərqli mövqedədirlər. "Şərq-Qərb" araşdırmalar mərkəzinin direktoru Ərəstun Oruclu deyir ki, Qəbələ RLS-nin Rusiyanın nəzarətinə verilməsiylə bağlı müqavilənin uzadılması əslində Azərbaycanın maraqlarına uyğun deyil: "Daha optimal variant o ola bilər ki, Azərbaycan Rusiya ilə radiolakasiya stansiyasının birgə istifadəsi haqqında müqavilə imzalasın. Azərbaycanın qonşuları hər tərəfdən kifayət qədər narahat qonşulardır. Bu baxımdan Azərbaycanda yerləşən radiolakasiya stansiyasına da nəzarət etmək səlahiyyətini müəyyən qədər öz əlində saxlasa, bu daha yaxşı olar".

Ekspertin qənaətinə görə, Azərbaycanın təkbaşına bu stansiyanı istifadə etməsi mümkün deyil, buna heç ehtiyac da yoxdur: "Bununla belə onu tam olaraq bizim ərazilərimizi işğal etmiş Ermənistanın hərbi müttəfiqi olan bir dövlətin nəzarətinə vermək də lazım deyil. Azərbaycan bundan ya imtina etməlidir, ya onu lazimi şədtlər daxilində Rusiyaya icarəyə verməlidir".

Ə.Oruclunun fikrincə, bu müqavilədə Bakının şərtləri qoyulmalıdır ki, bu, radiolakasiya stansiyası Azərbaycan ərazisində casusluq məqsədilə istifadə edillə bilməz: "Heç kim təminat verə bilməz ki, sabah Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya bu stansiyadan casusluq məqsədilə istifadə etməyəcək. Heç indi də belə bir təminatımız yoxdur. Yəni, şərtlərdə təkcə bu təminatları almaq yox, həm də onların yerinə yetirilməsinə Azərbaycanın nəhzarəti təsbit olunmalıdır".

Politoloq deyir ki, Rusiyanın hazırda bu stansiyasnın icarəsinə görə ödədiyi məbləğ də çox kiçikdir: "Müqavilənin uzadılması zamanı qiymətlər məsələsinə də yenidən baxmaq lazımdır. Şərtlərdən biri də Qəbələ RLS-də erməni hərbçilərin çalışmasına qarşı olmalıdır".


"RLS rekonstruksiya olunmalı, ya da bağlanılmalıdır"


Hərbi ekspert İldırım Məmmədov isə bu fikirdədir ki,Qəbələ RLS mümkün qədər tez ləğv edilməlidir. Onun sözlərinə görə, 2012-ci ildə stansiya öz istismar müddətini başa vurur. Bundan sonra ya RLS rekonstruksiya olunmalı, ya da bağlanılmalıdır.

Hərbi ekspert bildirdi ki, rusların RLS-ləri xəbərdarlıq xarakteri daşıyır. Yəni stansiyanın yönəldiyi istiqamətlərdə hansı nöqtədən nə uçursa, o barədə məlumat verir. Məmmədov hesab edir ki, rəsmi Bakı bu məsələdə diqqətli olmalıdır.

İldırım Məmmədov onu da xatırlatdı ki, Qəbələ RLS-də işləyənlərin bir qisminin erməni soylu Rusiya vətəndaşları olmaları barədə də məlumatlar var. Deməli, RLS Azərbaycanda arxa cəbhədə təxribat törədəcək bir vasitədir. İ.Məmmədov bütün bunlara görə də Qəbələ RLS-in bağlanmalı olduğunu söyləyir.

Ekspert deyir ki, Azərbaycanın özünün Ermənistanı nəzarətdə saxlamaq üçün yaxın məsafəli radarları olmalıdır: "SSRİ və İran arasındakı müqavilələrə görə, cənub qonşumuzun Xəzərdə hər hansı silahlı qüvvə saxlamağa ixtiyarı yox idi. Ancaq özlərini SSRİ-nin varisi elan edən ruslar İrana Xəzərdə güclü donanma yaratmaq üçün hərbi gəmilər, sualtı qayıqlar və s.satıblar".

Ekspert hesab edir ki, Azərbaycan üçün yaxın məsafəli RLS-lər daha məqbuldur: \"Hazırda Ənzəlidə İranın böyük donanması var və Rusiyadan sonra bu, Xəzərdə ən böyük hərbi birləşmədir. Bu hazırlıqlar da Xəzərdə Azərbaycana qarşı təxribatlar törətmək üçündür. Ona görə də yaxın məsafəli RLS-lərimiz olmalıdır ki, nələrin baş verdiyini izləyək, Rusiyanın İrana nələr ötürdüyündən xəbər tutaq\".


Güclü radioşüalanma əhalinin sağlamlığına zərər verir


Mütəxəssislərin fikrincə, RLS-lər radioloji xəstəliklər yaratmaq baxımından çox təhlükəlidir. Bu stansiya bu günə qədər ölkə əhalisinin sağlamlığına ciddi zərbə vurub. Onun radiosiqnalları da radioloji xəstəliklər yaradır, bu səbəbdən də şimal rayonlarımızda şiş, sonsuzluq kimi xəstəliklərin sayı artıb.

Onu da qeyd edək ki, radiasiya problemləri üzrə bütün mütəxəssislər belə gücdə stansiya ekoloji vəziyyəti həddən artıq pisləşdirir, böyük bir ərazidə yaşayan canlılar üçün təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. O da iddia edilir ki, Qəbələ RLS nəzərdə tutulandan xeyli artıq gücdə istismar olunur ki, bu da yüksək şüalanma yaradır. Hər hansı bir yoxlama olduqda isə, stansiyanın gücü normaya salınır.

Ümumiyyətlə, kiçik bir məbləğ müqabilində belə təhlükəli stansiyanın Azərbaycanda işləməsi əhalinin sağlamlığı, milli genefondumuzun üçün real təhlükə mənbəyidir. Təsadüfu deyil ətraf rayonlarda artıq xəstə və əlil körpələrin doğulması, əhalinin orta yaş həddinin aşağı düşməsi, sonsuzluq və s. təhlükəli fəsadlar özünü biruzə verir.

Son günlərdə Güney Qafqazda müharibə əhval-ruhiyyəsinin güclənməsi, bəzixarici analitik mərkəzlərin Azərbaycanın münaribəyə başlayacağı haqda proqnozları bölgədə gərginliyi artırıb. Ekspertlər Qarabağ probleminin istər sülh, istər də hərbi yolla həll edilməsinə son sözü Rusiyanın deyəcəyini bildirirlər.

Həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın hərbi bazaları var. Düzdür, Ermənistan hərbi hissələr döyüş xarakterlidir, Azərbaycandakı isə (Qəbələ RLS) yalnız müşahidə və izləmə xarakterli. Lakin hər bir halda müharibə başlasa, burada Moskvanın önəmli manevr imkanları olacaq.

Bu stansiyanın ölkəmizdə baş verən bütün hava hərəkətlərini nəzarətdə saxlaması strateji planlarımız üçün ciddi təhlükə törədir. Müharibə başlayacağı təqdirdə bu stansiyanın lazımi məlumatları Ermənistana ötürməyəcəyinə isə zəmanət yoxdur.