Xalq artistinin Pekin festivalının bağlanış mərasimində çıxışı maraqla qarşılanıb

9 Fevral 2021 13:41 (UTC+04:00)

Xalq artisti, pianoçu Murad Hüseynov XXI "Pekində görüş" Beynəlxalq Sənət Festivalında iştirakı böyük maraqla qarşılanıb. SİA-nın məlumatına görə, bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunub. Festivalda Xalq artisti Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Murad Hüseynovun çıxışı sənət festivalında 3 gün 6 onlayn kanal vasitəsilə nümayiş olunub. Əsas məqamlardan biri də odur ki, festivalın bağlanış mərasimində məhz Çindən olan sənətkarlarla yanaşı Azərbaycanlı pianoçunun da çıxışı yer alıb.

Qeyd edək ki, Murad Hüseynovun "Pekində görüş" festivalında iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə reallaşıb. Pianoçunun çıxışının videoçəkilişi Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

XXI "Pekində görüş" Beynəlxalq Sənət Festivalı COVID-19 pandemiyası səbəbindən proqramına onlayn şoular əlavə edilərək, 2021-ci il 7 yanvar - 4 fevral arasında keçirilib.

"Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" adlanan "Pekində görüş" 2021-də 24 ölkənin mədəniyyət və sənət adamları qatılıb. Festivaldan əvvəl Xalq artisti, pianoçu Murad Hüseynovun XXI "Pekində görüş" Beynəlxalq Festivalında iştirakı Çin mətbuatında geniş işıqlandırılıb. Beynəlxalq Sənət Festivalının kataloqu Azərbaycanlı sənətçi haqqında xüsusi məqalə dərc edib, Xalq artistinin festivalda iştirakı ilə bağlı videoçarx təqdim olunub. Diqqətə çatdırmaq istərdik ki, Xalq artisti 2020-ci ilin oktyabr ayında da UNESCO-nun təşkilatçılığı ilə Gürcüstanda təşkil edilən beynəlxalq festivala dəvət almışdı. Bundan əvvəl 2019-cu ildən Fransanın "Mezzo" klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları təqdim olunmaqda davam edir. Bu günədək Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı ifaçı, Xalq artisti Murad Hüseynovun çıxışları 60 dəfədən artıq nümayiş olunub.