İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin tərəfindən Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün “Bəstəkarlıqda yeni istiqamətlər – 2” (New directions in composition – 2) mövzusunda növbəti onlayn mühazirə keçirilib.
Akademiyadan İA-ya bildirilib ki, giriş sözü ilə çıxış edən Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova Flodinə mühazirələrin keçirilməsinə görə təşəkkürünü bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.
Mühazirədə BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri iştirak ediblər.
Vebinar BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib.
Qeyd edək ki, ötən il dekabrın 18-də bəstəkar Anders Flodin tərəfindən Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün “Bəstəkarlıqda yeni istiqamətlər – 1” mövzusunda ilk mühazirə keçirilib.