Fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində "Qarabağın keçmişi, bu günü və gələcəyi" mövzusunda konfrans təşkil ediləcək.
Fonddan SİA-ya bildirilib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz parçası olan Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Konfrans, həmçinin videoformat şəklində də aparılacaq.
Konfransda aidiyyəti qurumların və beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, tanınmış memarlar, mühəndislər, alimlər və tarixçilər iştirak edəcəklər. Konfrans pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.