Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə fevralın 4-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, "Şöhrət" ordenli Əliabbas Qədirovun 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
SİA-nın məlumatına görə, tədbiri Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq Ə.Qədirovun səhnə fəaliyyətindən söz açıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Əliabbas Qədirov haqqında xatirələrini, ürək sözlərini bölüşərək aktyorun sənət yolundan, teatrda baş verən səhnəarxası faktlardan danışıb. Eyni zamanda Ə.Qədirov kimi bir sənətkarla həyatdakı dost münasibətlərindən və səhnədəki tərəf müqabilliyindən qürur hissi keçirdiyini qeyd edib.
Əməkdar incəsənət xadimi Aydın Talıbzadə çıxışında aktyorun teatr tarixində tutduğu mövqedən danışıb, onun kino rollarından, xüsusilə "Nəğmə dərsi" filmində məharətlə yaratdığı ata obrazından söz açıb.
Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Ə.Qədirovla bağlı xatirələrini bölüşərək onun teletamaşalardakı çəkilişlərindən, televiziya verilişlərindəki peşəkar aparıcılıq qabiliyyətindən, parodiya yaratmaq bacarığından maraqlı hadisələr danışıb.
Ə.Qədirovun tədbirdə iştirak edən ailə üzvlərindən qızı Gülçin xanım atası ilə bağlı xatirələrini qonaqlarla bölüşüb.
Tədbirdə Ə.Qədirovun oynadığı teatr və televiziya tamaşalarından, çəkildiyi filmlərdən ibarət videoçarxlar nümayiş olunub. Həmçinin tədbir iştirakçıları Ə.Qədirovun yaradıcılığını əks etdirən və muzeyin fondunda qorunan fotolardan ibarət sərgi, eləcə də aktyorun səhnə geyimləri ilə tanış olublar.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.