Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

4 Fevral 2021 16:45 (UTC+04:00)

Respublika Gənclər Kitabxanası riyaziyyatçı-alim, professor Lütfi Zadənin 100 illik yubileyi münasibətilə “Müasir elmin korifeyi-Lütfi Zadə 100” adlı videoçarx hazırlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, videoçarx dünya şöhrətli alimin həyatına, elmi fəaliyyətinə bir səyahət formasında yaradılıb. Videoçarxa baxmaqla istifadəçilər dünya şöhrətli alimin uşaqlıq illəri, ibtidai və ali təhsil dövrü, Amerikada başladığı uğurlu elmi fəaliyyəti haqqında geniş məlumat əldə etmiş olacaqlar. Burada alimin ona dünya şöhrəti gətirən 6 mühüm nəzəriyyəsi haqqında məlumat verilib, həmçinin Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyəsindən də söhbət açılıb. Azərbaycanın fəxri, professor Lutfi Zadənin öz Vətəninə, millətinə olan bağlılığı və bu sevgiyə cavab olaraq Azərbaycan rəhbərliyinin, elmi dairənin və bütövlükdə xalqımızın böyük alimə olan dərin hörmətinə dair faktlar videoçarxda yer alıb. Təəccüblü deyil ki, həyatının çox hissəsini Azərbaycandan kənarda yaşayan alim ölümündən sonra doğma Vətənində dəfn olunmasını vəsiyyət edib.