Qadın bazarı, yaxud insan alveri niyə çiçəklənir? - ARAŞDIRMA

3 Fevral 2021 17:23 (UTC+04:00)

Ekspertlər: Problemin kəskinləşməsində əsas faktorlar sosial problemlər və mənəvi deqradasiyadır

Normal insan cəmiyyətinin və ailə institutunun dayaqlarına, dolayısı ilə genefonda ağır zərbə vuran fahişəlik dünyanın ən köhnə peşəsi olaraq xarakterizə edilməkdədir. İnsan alverinin çiçəklənməsi üçün ən yaxşı stimul yaradan fahişəliyin tarixinin insanlığın tarixi qədər qədim olduğu bildirilir. Son vaxtlar dünyada və ölkəmizdə bu problemin aktuallaşdığını nəzərə alıb fahişəliyi fərqli mədəniyyətlərə, coğrafi ərazilərə ayırıb araşdırmağı uyğun hesab etdik.

Bəşəriyyətin ən qədim peşələrindən biri adlandırılan fahişəlik sosial təzahür olub qadınların nikahdankənar seks fəaliyyətinə deyilir. Ölkədən asılı olaraq, fahişəlik ya leqaldır (Amerika və bir çox Avropa ölkələrində), ya da hətta ölüm cəzası ilə cəzalandırılır (bəzi ərəb ölkələrində).

Bir sıra ölkələrdə isə fahişəlik dövlət tərəfindən leqal biznes fəaliyyəti siyahısına salınır, məsələn, İsveçrə, yaxud ABŞ-ın bəzi ştatlarında, Türkiyədə küçə fahişəliyi leqal deyil, lakin dövlət fahişəxanaları leqaldır.

Fahişəliyə ziddiyyətli münasibətlərin əsas səbəbləri arasında qanunsuz insan trafiki, köləlik və cinsi yolla keçən xəstəliklərdir. Son vaxtlar hər 3 istiqamətdə də problemlər kəskinləşdiyindən problem daha da aktuallaşb.

Bir çox ölkələrdə isə (Hindistan, İran və s.) fahişələr cəmiyyətdə çox sərt təpki ilə üzləşir. Azərbaycan mentalitetində belə qadınlara yanaşma bir qədər sərt olsa da, sivil çərçivələri aşmır. İranda isə, fahişəliklə məşğul olan qadını daşlanma və ölüm cəzası gözləyir. Baxmayaraq ki, bu ölkədə siğə adlı proses vasitəsilə fahişəlik dini çərçivəyə salınıb.

Qədim Yunanıstanda fahişə məktəbləri açılmışdı

Fahişəliyin yaranma məkanlarından ən qədimi hesab edilən Yunanıstanda bu peşəni 3 kateqoriyaya da ayırırdılar.

1. "Hiedodoleia" yəni "müqəddəs fahişəlik" deyilən peşə məbədlərdə reallaşdırılırdı. Məbədlərdə özünü göyün yeri mayalandırması və bərəkətləndirməsi vəzifəsini reallaşdıran müqəddəs varlıq olaraq bütün kişilərin xidmətinə təqdim edən qadınlar vardı.

2. İkinci qrupda ödənişli fahişə olaraq bilinən fahişələr yer alırdı. Bunlar küçə qadınları sayılırdı və pul qarşılığında istənilən şəxsə xidmət göstərirdilər. Belə qadınlara, əsasən, aşağı və orta təbəqədən müştərilər çıxırdı və onların qazancı o qədər də çox olmurdu.

3. Daha bir qrup fahişələr "heteira" adlandırılan və özlərini intellektual fahişə adlandıranlar idi. Bu növ fahişələr əla geyinirdilər, çox yaxşı danışırdılar və cəmiyyətin üst qatlarında qərarlaşırdılar. Onlar daha çox zənginlərlə “aşna” həyatı yaşayırdılar. Fahişələrin, ictimai həyatda zadəgan qadınlardan ayırd edilə bilmələri üçün saçlarını sarıya boyatmaları gərəkli idi.

Qədim Yunanıstanda fahişə məktəbləri açılmışdı. Bu məktəblərdə daha əvvəldən bu mövzuda təcrübəli olan yaşlı fahişələr, yeni başlayanlara gözəl geyinmə, makiyaj etmə, seksual, sevimli və cazibədar olma sənətini öyrədirdilər. Bu məktəbin məzunlarını küçə qadını adlandırmaq mümkün deyildi. Onlar yalnız elitaya xidmət göstərirdilər.

Qədim Romada orduya xeyli fahişə daxil edirdilər

1. Müqəddəs fahişəlik.

2. Ödənişli fahişəlik.

Qədim Romada, indiki vaxtda asayiş şöbəsinin icra etdiyi vəzifəni icra edən polis təşkilatında qanuni qeyd edilmiş 32 000 fahişə vardı. Roma İmperatorluğu dövründə fahişəlik hamamlarda, meyxanalarda, bərbər dükanlarında sərbəst idi.

Roma cəmiyyətinin əxlaqının pozulması prosesi miladdan sonra 5-ci əsrdə bəzi qadağalar qoyulmaqla durdurulmağa cəhd edildi. İmperator Tedosios bəzi qanunlar qoyaraq fahişəliyi qadağan etmək üçün sanksiyalar tətbiq etdi. Sanksiyalar əsasən, qızlarına və kölələrinə fahişəlik etdirən ataları və kölə sahiblərini sürgünə göndərməkdən ibarət idi.

Qədim Romada fahişələrin hüquqları qorunur, onlara yanaşmada təhqirə yol verilmirdi. Lakin bu peşə ilə məşğul olanlar müəyyən qadağa və çərçivələr daxilində fəaliyyət göstərə bilirdilər və onların müqəddəs yerlərə daxil olmasına icazə verilmirdi. Bundan başqa, fahişələrin övladlarının yüksək dövlət vəzifələrinə təyin olunmasına yol verilmirdi.

Roma əsgərlərinə xidmət etmək üçün çox sayda fahişə orduya daxil edilmişdi və onlar hərbi səfərlərdə də əsgərləri müşayiət edirdilər. Hesab edilirdi ki, bioloji cinsi tələbatın ödənməsi əsgərlərin sağlamlığına və döyüş əzminə yaxşı təsir göstərir.

Avropada kilsənin fahişəxana biznesi

Avropa ölkələrində dağınıq və gizlicə edilən fahişəliyi idarə altına almaq və bundan faydalanmaq üçün kilsələr hərəkətə keçdi. Bunun üçün ilkin addım kimi 1287-ci ildə Paul Katedralı Keşiş və Ruhani Məclisi, fahişələr üçün mülklər kirayəyə götürdü. 1309-cu ildə Strasburq kilsə papası gəlirini artırmaq üçün ümumi bir ev inşa etdirdi.

Fahişələr öz geyimləri ilə də fərqlənirdilər, onları fərqləndirən əlamətlər isə bunlar idi:

Döyüşdə davamlı yer dəyişdirən əsgərlərin cinsi ehtiyaclarını görsün deyə bəzi krallar tərəfindən fahişələr səfərlərə aparılırdı.

İngiltərədə fahişəlik sektoru təxminən 400 il boyunca Kilsənin nəzarətində idi. Kilsə rəhbərliyi bu müddətdə 18 ümumi fəhişəlik evi açdı. Çalışanların islahı və cəmiyyətə geri qazandırılması əvəzinə peşədən ayrılmaq istəyənlər ağır bir şəkildə cəzalandırılırdı.

Qədim Romada olduğu kimi, fahişəliyin məşhur olduğu yerlər, əsasən, əsgərlərin sıx olduğu bölgələr hesab edilirdi.

16-cı əsr İspaniyasında fahişəliyin mərkəzi Seviliya şəhəri idi. Madriddə isə 1630-cu ildə 3000 fahişə rəsmi olaraq qeydiyyatda idi. Küçəyə çıxacaq fahişə, kimliyini göstərən paltarlar geymək məcburiyyətində idi. 1570-ci ildə II Filippin başlatdığı fahişəliklə mübarizə IV Filippin zamanında bəhrəsini verməyə başladı. 1628-ci ildə 8 illik araşdırma və izləmədən sonra, ölkədə olan 800 ümumi fahişəxana bağlandı.

Fahişəliyin ərəbsayağı forması- siğə

Hazırda fahişəliyin yayılması xristian ölkələrində daha çox müşahidə olunur. Bu ölkələrdə sözügedən xidmət aşkar şəkildə, bəzi ölkələrdə isə qadağan olunduğuna görə gizli şəkildə inkişaf edir.

İslamdan qabaq ərəblər, ictimai həyat etibarilə azad idilər, kölələr və mevali olmaq üzrə 3 sinifə ayrılırdılar. Azadların sahib olduğu hüquq və şərəfdən məhrum olan əsirlər, kölələr və nökərlərin nəsli idi. Kölələr ilə azadlar arasında orta bir sinif olan məvalilər, azad edilmiş kölələr idi.

Fahişəlik, daha çox nökərlər tərəfindən reallaşdırılırdı. Fahişəliyin idarəsi qul tacirlərinin əlində idi. Tez-tez bu məqsədlə xüsusi sərgilər keçirilirdi. Sərgidə nümayiş etdirilən qadınlar fahişəlik etmək üçün məcbur edilirdilər.

Bəzi ərəb ölkələrində geniş tətbiq edilən «mutaa», başqa sözlə, siğə, müvəqqəti nikahdır, burda tərəflərin heç bir məsuliyyəti yoxdur, siğə üçün molla da lazım deyil.

Müqavilə çox sadədir: qadın deyir ki, «mən filan müddətə, filan mükafata sənə ərə gedirəm», kişi cavab verir ki, «mən qəbul edirəm». Siğənin müddəti danışıqdan asılıdır, 1 saat da ola bilər, 1 il də.

Ərəb ölkələrində çoxarvadlılığa icazə verilməsi də problemlər yaradır. Hətta bəzi şeyxlərin yüzlərlə arvadı olması faktı var. Varlı ərəb ölkələrinə son zamanlar Avropa və postsovet məkanından qadınların axını çoxalıb. Azərbaycandan da xeyli sayda qadının bu ölkələrdə fahişəliklə məşğul olduğu haqda məlumatlar var.

Türkiyə: fahişəlik üçün münbit bazar

Bu dövdə tarixə düşmüş fahişəliyə görə ən qədim cəza hadisəsi 1540-cı ildə reallaşdırılıb. 1540-cı ildə fahişəlik edərkən tutulan qadının cinsi orqanı ülgüc ilə kəsilib. Əmri verən Qanuni Sultan Süleymanın vəzirlərindən olan Lütfü Paşa olub. Lütfü Paşa pis yola düşmüş qadınlara çox sərt davranması ilə tanınırdı.

II Səlimin dövründə, xüsusilə Eyyubdakı camaşırxanalarda sürən fahişəlik, 1567-ci ildə verilən fərman ilə sona çatdı. XVI əsr Osmanlısının fahişəlik mərkəzləri isə bunlar idi: Qala, Topxana və Eyyub .

1845-ci ildə İstanbulda Əxlaq Polisi Şöbəsi təsis edildi. Bundan sonra fahişəliklə məşğul olanlar və qadınları buna məcbur edənlər bir müddət kölgədə qaldılar.

1922-ci ildə, İstanbulda rəsmi olaraq 69 rum, 194 erməni, 124 yəhudi, 774 türk və 1000 qədər şəxsiyyəti və haralı olduğu məlum olmayan fahişə olduğu məlumdur. Rəsmi qeydə alınmayaraq fahişəlik edənlər isə daha çox idi.

1950-ci illərdən sonra Türkiyəyə xaricdən gətirilən qadınların da sayəsində fahişəlik daha da artdı. Bu tendensiya indiyədək davam etməkdədir.

Bəzi məlumatlara görə, hər il Azərbaycandan Türkiyəyə əxlaqsızlıq məqsədilə yüzlərlə qadın aparılır. Onların demək olar ki, təxminən yarısı işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Türkiyəyə çatandan sonra isə şəxsiyyət sənədləri əllərindən alınır və məcburən fahişəlik etdirilir. Digərləri isə məhz bu işlə məşğul olmaq üçün könüllü gedirlər.

Sosioloq: “Əsas səbəb mənəvi deqradasiya və yoxsulluqdur”

Fahişəlik, dolayısı ilə insan alveri mövzusu Azərbaycan üçün də ciddi problem kimi qalır.

Sağlam Cəmiyyət Hərəkatının (SCH) eksperti, sosioloq İbrahim Cəfərov deyir ki, bir çox ölkələrdə qadınları fahişəliyə cəlb edən sutenyorlar cinayət məsuliyyətinə cəlb edilir. Çox təəssüf ki, bizdə lazım olan insanları cəzalandırmırlar. Cinsi istismara məruz qoyulan qadınlar əməlinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilir. Məcburiyyətdən, ya da aldadılaraq bu yola düşən qurbanları deyil, onlardan özünə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

SCH ekspertinin sözlərinə görə, cəmiyyətdə bu problemin getdikcə daha çox kəskinləşdiyi qənaəti var: “Bir neçə ay əvvəl təşkilatımızın sosial şəbəkə səhifəsində bir internet sorğusu keçirdik. Sorğuda iştirak edən 142 nəfərdən 103-ü cəmiyyətdə əxlaq kriteriyalarının dəyişməyə doğru getdiyini bildirdi, 39-u isə fahişəliyin artmasında sosial problemlərin rolunu vurğuladı. Hesab edirəm ki, hər iki faktor ciddi problemdir.

Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir: “Adətən, bu problemin kökündə mənəvi deqradasiya, işsizlik, yoxsulluq, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Ən əsası da, təhsilin və hüquqi maariflənmənin aşağı olması”.

Göründüyü kimi, fahişəliyə səbəb yaradan əsas məqamlar asan qazanc əldə etmək arzularıdır. Cəmiyyətdə mənəvi dəyərlərin, əxlaqi kriteriyaların ciddi şəkildə dəyişməsini, başqa sözlə azad cinsi münasibətlərə baxışın yumşalmasını da buraya əlavə etmək olar. Bunlar isə insan alverinə şərait yaradan əsas faktorlardır. Son nəticədə bu problem milli genefondumuz üçün ciddi təhlükə yaradır. Bu problemin həllində və ya tənzimlənməsində dövlətin xüsusi siyasəti olmalıdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb