Respublika Gənclər Kitabxanası “Nizami Gəncəvi İli” münasibətilə silsilə tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, “Zoom” platforması üzərindən Respublika Gənclər Kitabxanası və “Gənc könüllülər” hərəkatının birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbir “Nizami Gəncəvi və müasir Azərbaycan gəncliyi” mövzusunda olub.
Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq “Nizami Gəncəvi İli” ilə əlaqədar kitabxananın hazırladığı tədbirlər planından, Nizami Gəncəvi dühasının Azərbaycana parlaq klassik bir ədəbiyyat xəzinəsi bəxş etməsindən, dahi şairin uzun əsrlər boyu öz oxucusunu hikməti, əzəməti, dərin mənası ilə sehrləməklə yanaşı, onu mənəvi cəhətdən təmizləməsi, saflaşdırması, vətənpərvərliyə, ülvi məhəbbətə səsləməsindən danışıb.
Sonra Üzeyir Mustafayev sədr müavini olduğu “Gənc könüllülər” hərəkatının fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, çıxışında təşkilatın 2000-dən artıq üzvünün olmasını, hər bir gəncə fərdi yanaşmalarını, fəaliyyət istiqamətlərinin genişliyini də qeyd edib. Müasir gəncliyin Nizami Gəncəvi irsinə sonsuz maraqlarını və bu irsdən bəhrələnmələrini də bildirib.
Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi “Xəmsə”nin bir çox şairlər tərəfindən tərcüməsindən, Nizaminin fars dilindən başqa türkcə də əsərlərinin mövcudluğundan danışıb. O, Nizami yaradıcılığına böyük məhəbbət və marağının nəticəsi olaraq şairin məşhur “Divanı”nı tərcümə edərək türk dilində çap etdirməsindən də söz açıb.
Kitabxananın əməkdaşlarından Pərvin Mehdiyeva Nizami Gəncəvinin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”, Lətifə Cəfərova “Oğluma nəsihət”, Sona Yaqubova “Ay üzlü nigarım, kimə mehman olacaqsan”, Lalə Hüseynova “Sənsiz” qəzəllərini söyləyiblər.
Tədbirin sonunda Üzeyir Mustafayev və Pərviz Kazımi ünvanlanan sualları cavablandırıblar.