“Ağdamda açılışı olan birgə monitorinq mərkəzi regionda sülh və sabitliyin bərqərar olması baxımından çox önəmlidir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya hərbiçilərinin artıq digər bölgələrdə sülhə nəzarət üzrə birgə iş təcrübəsi var, əlbəttə ki, bu təcrübənin Ağdamda yeni qurulan monitorinq mərkəzinin uğurlu fəaliyyətinə müsbət təsiri oldu: “Artıq bu monitorinq mərkəzi sayəsində Qarabağ bölgəsində hər hansı təxribatların qarşısı daha uğurla alınacaq, bütün hərəkətlər qeydə alınacaq, mərkəzdə Türkiyə hərbiçilərinin olması bölgədə sülhə qarşılıqlı nəzarəti daha da gücləndirəcək. Bu mərkəzin qurulmasından sonra Azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına daha rahat və təhlükəsiz qayıtması məsələsi asanlaşacaq. Əminəm ki, bu mərkəzdə qurulan nəzarət sistemləri, dronla ərazinin çəkilişləri gələcəkdə baş verə biləcək neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Azərbaycan bu mərkəzin effektiv fəaliyyəti üçün lazım olan bütün texniki və infrastruktur şəraiti yaradıb və bu ilk növbədə bölgədə Türkiyə-Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək”.