Rüşvət və çoxarvadlılığa görə edam...

29 Yanvar 2021 17:12 (UTC+04:00)

“Çində Lai Xiaominq adlı iş adamı mənimsəmə, korrupsiya və çoxarvadlılığa görə edam edilib”. SİA bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

Verilən məlumata görə, dövlətə məxsus “China Huaronq” şirkətinin rəhbəri olan Xiaominqa qarşı hələ 2018-ci ildə mənimsəmə, rüşvətxorluq və çoxarvadlılıq ittihamı ilə istintaq başlamışdı. 25 milyon yuan mənimsəmə, 1.79 milyard yuan isə rüşvətalmada günahlandırılan Lai sonradan çoxarvadlılıqda da ittiham olunub. Törətdiyi cinayətlərə görə, edama məhkum edilən iş adamının edam hökmünü ötən gün icra edilib.

Haşiyə çıxaraq bildirək ki, bu gün bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunub və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla qadağan edilib

Yeri gəlmişkən bildirək ki, dünyanın müxtəlif ölkələrində insan haqlarının pozulmasına “qarşı çıxan” ABŞ-ın həbsxanalarında bu gün ölüm hökmünün icrasını gözləyən 973 məhkumun olduğu bildirilir. Qeyd edək ki, bunların böyük əksəriyyəti Afrika və Latın Amerikası əsilli şəxslərdir.

Bundan əlavə. bu il yanvar ayının ilk yarısında ABŞ 1953-cü ildən bəri ilk dəfə olaraq qadın məhbus - hamilə qadını öldürməkdə günahlandırılan 52 yaşlı Lisa Montqomerini edam etdi.

Ağasəf Babayev