Ermənistanın raketsiz qalmış Su-30SM qırıcıları, yoxsa "Tor"? DÜŞMƏN XƏBƏRİ

28 Yanvar 2021 17:36 (UTC+04:00)

Ermənistan Rusiya ilə Su-30SM qırıcıları üçün aviasiya raketlərinin təchizatı ilə bağlı danışıqlar aparır. SİA xəbər verir ki, bu haqda military.am Ermənistanın sabiq baş qərargah rəisi Artak Davtyanın fikirlərinə istinadən yazır.

“Su-30SM üçün raketlərin alınması planlaşdırılırmı, çünki hərbi əməliyyatlar zamanı onlardan istifadə olunmadı?” sualını cavablandıran Davtyan qeyd edib ki, danışıqlar planlaşdırılmışdı və ona elə gəlir ki, bu dəfə raketlərin təchizatı ilə bağlı razılaşmalar olacaq. SİTAT: “Belə planlaşdırılmışdı ki, həmin raketlər dərhal əldə olunmayacaq, məhz proses zamanı təchiz ediləcək, raketlərin Rusiyadan alınması məqsədi əvvəldən var idi”.

“Deyirlər ki, Su-30SM-lərin yerinə “Tor” zenit-raket komplekslərinin alınması daha yaxşı olardıŞ bu kimi zenit kompleksləri modernləşdirmə proqramına daxil edilmişdimi?”, sualını da cavablandıran Ermənistanın sabiq baş qərargah rəisi qeyd edib ki, qırıcıların hesabına başqa nə isə əldə edilməməliydi, ona görə ki, həmin raketlər üçün vəsait ayrılmışdı, bir məsələ digəri ilə bağlı olmamalıdır. “Tor” əldə olunmuşdu və bizə gətirilmişdi. Növbəti partiya üçün isə danışıqlar davam etdirilməlidir”, Artak Davtyan bildirib.

Rövşən RƏSULOV