Minaya düşən traktorçunun vəziyyəti orta-ağırdır

28 Yanvar 2021 15:32 (UTC+04:00)

Tərtər rayonunun Əskipara kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərov əməliyyat olunub.

Bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı traktorçu qəlpə yaraları alıb: "Hazırda əməliyyat olunub, reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər pambıq Zavodunda traktorçu vəzifəsində çalışır. O, günorta saatlarında Tərtər Pambıq Zavoduna məxsus sahədə şum işləri apararkən minaya düşüb. Hadisə nəticəsində traktor yararsız vəziyyətə düşüb, E.Ələkbərov isə əl və üz nahiyələrindən qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.