"BVF Azərbaycanda yeni inkişaf perspektivləri proqnozlaşdırır" Ayaz Müseyibov

28 Yanvar 2021 15:18 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal maliyyə bazarlarında cari trendlər və gələcək gözləntilər barədə proqnozlarını açıqlayıb. Hesabatdan çıxan mühüm nəticələri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov bildirir ki BVF-nin hesabatından çıxan ən mühüm nəticə ondan ibarətdir ki, hazırki şəraitdə vaksinə çıxış anlayışı iqtisadi və maliyyə xidmətlərinə çıxışla tam assosiasiya oluna bilər. Belə ki, indiki halda ölkələr üçün vaksin resurslarının təmin edilməsi onların əhalisinin maliyyə və iqtisadi proseslərin bərpası nəticəsində yaranacaq xidmətlərdən istifadəsi şərtlərini müəyyənləşdirəcəkdir.

BVF-nin iqtisadi analizləri vaksinasiya proseslərinin sürətlənməsinin iqtisadi bərpanın güclənməsi və aktivlərin qiymətinin enməsi ilə bağlı riskləri aradan qaldırdığını göstərir. Beləliklə, maliyyə sistemlərinin gələcək sabitliyi hazırki mərhələdə birbaşa olaraq pandemiya ilə mübarizənin səhiyyə çərçivəsində həll oluna bilmə səviyyəsindən asılı olacaqdır. Lakin bununla belə, vaksinasiya tam əlçatan olana qədər qlobal miqyasda implementasiyası davam edən fiskal və monetar siyasət üzrə dəstək tədbirlərinin realizasiyası tövsiyə olunur. Eyni zamanda, vaksinə çıxış imkanlarının ölkələrin siyasi çəkisi, maliyyə çatışmazlığı üzündən qeyri-bərabər olması, xüsusi ilə də inkişafda olan ölkələr üçün əlavə maliyyə sabitliyi problemləri ilə nəticələnə bilər və bu baxımdan, ölkələrə risklərə məruz qala biləcək məsələləri diqqətdə saxlamaq tövsiyə olunur. Bu ölkələrin vaksinasiya ilə təminatı beynəlxalq təşkilatlar və qlobal iqtisadi siyasət dizaynerləri üçün çağırış olaraq qalır. Əks halda, təkcə 2017-2019-cu illərdə qlobal iqtisadi artımın 65 faizini təmin edən bu ölkələrdəki problemli məsələlər qlobal dəyər zəncirlərinə dağıdıcı təsir göstərə bilər ki, bu da pandemiyanı nəzarət altına alan ölkələrdə belə yeni maliyyə sabitliyi çağırışları formalaşdıra bilər.

Hesabatdan çıxan ən mühüm müsbət məqamlardan biri ondan ibarətdir ki, 2021-ci ildə inkişafda olan ölkələr üçün yaxşı maliyyəşmə imkanlarının yaranacağı qeyd olunub. Artıq turizm və aviasiya xidmətləri də 2020-ci ilin sonundan etibarən bərpa olunmağa başlayıb ki, bu da qlobal maliyyə axınlarının dövriyyəsinə müsbət təsir göstərəcək. Hazırki qlobal iqtisadi mənzərədəki qeyri-müəyyənliklərə baxmayaraq, investorlar 2021-ci ildə iqtisadi yüksəliş olacağı barədə əmindirlər, xüsusi ilə də, müxtəlif ölkələrdə pandemiya ilə mübarizə çərçivəsində yürüdülən dəstək siyasətləri qarşıdakı yaxın müddət ərzində baş verə biləcək mümkün iqtisadi narahatlıqları neytrallaşdıracaqdır. Hazırda ABŞ kimi meqa-səhm bazarlarında uzunmüddətli faiz dərəcləri artımının müvəqqəti olması, növbəti illərdə çox aşağı faiz dərəcələri və səhmlərin dəyərinin isə artımı əsas gözləntilərdəndir. Əlbəttə bu da qlobal maliyyə sistemlərinə müsbət təsir edəcəkdir.

Pandemiyanın iqtisadi təsirləri ilə bağlı çıxan ən mühüm nəticələrdən biri ondan ibarətdir ki, qlobal iqtisadiyyat “Böyük Depressiya”dan sonra ən böyük çağırış olan pandemiya böhranı ilə mübarizədən gözlənildiyindən daha yaxşı çıxa bildi. Örnək olaraq, reytinqi neqativ olan (“BBB“ reytinqi və daha neqativ iqtisadi gözləntilər) şirkətlərin sayı qlobal miqyasda 3 dəfə artsa da, defolt dərəcəsi ötən dövrlərin pik həddindən xeyli aşağıdır. Heç şübhəsiz ki, bu da birbaşa olaraq ölkələrin ümumi daxili məhsullarının əhəmiyyətli bir hissəsinin mübarizə tədbirlərinə sərf edilməsi ilə bağlıdır.

A.Müseyibov bildirir ki, ölkələrin maliyyə sabitliyinə təhdid törədən məqamlardan biri dünyada getdikcə kəskinləşən borc problemləri ilə bağlıdır. Hesabatın təhlili kapital bazarlarının inkişafının borc problemlərinin həlli və ümumilikdə maliyyə sabitliyində nə qədər mühüm önəmə malik olmasını göstərir. Xüsusi ilə də, “borc resursları ilə yüklənən bu ölkələr”də məhz kapital bazarlarının məhdud olması gələcək makroiqtisadi sistematik risklərə səbəb ola bilər. Əvəzində isə, kapital bazarlarının inkişaf etdirilməsi maliyyə bazarlarında yaranan risklərin mitiqasiyası üçün inkişafda olan ölkələrə əlverişli imkanlar yaradar. Azərbaycan pandemiya ilə mübarizəni faktiki olaraq öz daxili fiskal resursları hesabına təmin etməklə və xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxlaya bildi.

Qlobal bank sektoru ilə bağlı BVF-nin hesablamaları onu göstərir ki, bank sektoru yüksək likvidlik və kapital buferləri hesabına və maliyyə bazarlarında mərkəzi banklar tərəfindən yürüdülən dəstək siyasəti sayəsində pandemiyanın əks təsirlərindən yayına bilib. Bank sektoru üçün, xüsusi ilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edir. Həmçinin, qlobal bank sektorunda faiz dərəclərinin aşağı olduğu bir şəraitdə bankların kredit ekspansiyası siyasəti yürütməsi və mənfəətlilik məsələləri çağırış olaraq gözləyir. Azərbaycanın bank sektorunda qəbul edilən dəstək tədbirləri nəticəsində sektoral sistematik dalğalanmaların və risklərin qarşısı alınıb. Bank sisteminin sağlamlaşdırılmasının ən önəmli indikatorlarından olan ümumi kredit portfelində qeyri-işlək kreditlərin həcmi son 5 ildə ən aşağı həddə düşərək, 6 faiz təşkil edib və trendlər bu göstəricinin artım meyli nümayiş etdirmədiyini göstərir. Bununla da, Azərbaycan müvafiq göstəricinin yaxşılaşdırılması istiqamətində tarixən ən yaxşı inkişaf trendləri nümayiş etdirən Sloveniya, Estoniya və Danimarka kimi ölkələrin sırasına qoşulub. Bu isə post-pandemiya dövründə müvafiq tənzimləyici çərçivə və skorinq modelləri də daxil olmaqla ən innovativ kreditləşmə siyasəti yeritmə infrastrukturuna malik bank sektoru üçün mənfəətli, riskəsaslı idarəetmə siyasətinə əsaslanan, rəqabətli ekspansionist kredit siyasəti yürütməyə əlverişli imkanlar yaradır.

Göründüyü kimi qlobal maliyyə sistemlərində ən azı yaxın və ortamüddətli perspektivdə sabitlik vaksinin istehsalı, paylanması və ona çıxış amillərindən asılı olacaqdır. Bununla belə, maliyyə sabitliyinə nail olunması istiqamətində dəstək tədbirlərinin də bərpa proseslərində çox mühüm rolu vardır. Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində qəbul etdiyi genişvektorlu tədbirlər böyük iqtisadi əhəmiyyətə malikdir və maliyyə-bank sektorunda gələcək iqtisadi mənzərəni daha da yaxşılaşdırır.