""Dostluq" yatağının birgə istismarı sayəsində..." Hatəm Qocayev

28 Yanvar 2021 12:40 (UTC+04:00)

"Cari il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. İmzalanan bu sənədlə Xəzərin zəngin karbohidrogen resurslarının işlənməsində yeni bir əməkdaşlıq formatının əsası qoyulub. Azərbaycanın və Türkmənistanın dövlət başçılarının videoformatda iştirakı ilə imzalanan Memorandum həm iki dost ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi, həm də regional əməkdaşlığın dərinləşməsi baxımından mühüm önəm daşıyır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev deyib.

O, bildirib ki, imzalanan sənədə əsasən, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə fəaliyyətə başlayırlar və bu fəaliyyət hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq.

YAP Naftalan rayon təşkilatının rəmisi bildirib ki, bizim əməkdaşlığımız iqtisadi tərəqqiyə, sosial rifaha və xalqlarımıza böyük nemətlər bəxş edən nadir su hövzəsinin qorunmasına xidmət edir. Fikirlərinə davam edən H.Qocayev vurğulayıb: "Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatları artıq mövcuddur. Xəzərdə iki ölkə arasındakı sərhəddə yerləşən "Dostluq" yatağı üzrə imzalanan Anlaşma Memorandumunun reallaşdırılması ilə bəhs olunan əməkdaşlıq formatlarının funksionallığının artmasına yeni imkanlar yaranacaq. Azərbaycan və Türkmənistan arasında Memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarlarına çıxaracaq Transxəzər layihəsinə "yaşıl işıq" yandırılması kimi də dəyərləndirilə bilər. Beləliklə, "Dostluq" yatağının birgə istismarı sayəsində Azərbaycan və Türkmənistan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəklər. Başqa bir mühüm məqama da diqqət çəkmək yerinə düşər. "Dostluq" yatağından hasil olunacaq enerji ehtiyatlarının istehlakçılara Azərbaycan üzərindən məhz zamanında ölkəmizin moderatorluğu ilə yaradılan infrastruktur vasitəsilə çatdırılması gözlənilir ki, bununla da Azərbaycanın tranzit ölkə kimi mövqeyi daha da güclənəcək".

YAP Naftalan rayon təşkilatının sədri iki dost ölkənin beynəlxalq səviyyədə bir-birini dəstəkləməsinin önəminə də diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən H.Qocayev deyib: "Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Eyni zamanda, Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Bütün bu kimi məqamlar strateji önəm daşıyır". yap.org.az