BMTM-nin eksperti Türkmənistan-Azərbaycan enerji əlaqələrindən yazdı - Xarici mediada

28 Yanvar 2021 12:18 (UTC+04:00)

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin ABŞ-ın “Foreign Policy News” saytında “Türkmənistan Azərbaycanla enerji əlaqələrini gücləndirir” başlıqlı məqaləsi dərc olunub (https://foreignpolicynews.org/2021/01/27/turkmenistan-strengthens-energy-ties-with-azerbaijan/).

Müəllif yazıda qeyd edir ki, 21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” dəniz yatağının resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalamışlar. Xatırladaq ki, əvvəllər azərbaycan dilində “Kəpəz” və türkmən dilində “Sərdar” adlandırılan bu yataq 1990-cı illərdən bəri Bakı ilə Aşqabad arasında əsas mübahisə mövzusu olmuşdur.

Bildirilir ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasından və bu sənədin Türkmənistan və Azərbaycan parlamentləri tərəfindən təsdiqlənməsindən sonra iki ölə arasında əlaqələr daha da intensivləşmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı səfərli çərçivəsində vacib sənədlər imzalanmışdır.

Şahmar Hacıyevin fikrincə, Türkmənistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün maraq kəsb edir. Hər şeydən əvvəl, Azərbaycan digər ölkələrin də qarşılıqlı iqtisadi fayda prinsipləri əsasında Cənub Qaz Dəhlizinə qoşulmasına müsbət baxır. Bu baxımdan, Bakı ilə Aşqabad arasında enerji əməkdaşlığı Azərbaycanın bölgədəki enerji mərkəzi kimi mövqeyini də gücləndirə bilər. Türkmənistan üçün enerji əməkdaşlığı daha vacibdir, çünki ölkə təbii qaz ixracından çox asılıdır və təbii qaz satışı üçün yeni bazarlar, xüsusilə Avropa enerji bazarı çox cəlbedicidir. Enerji ixrac marşrutlarını şaxələndirərək, Aşqabadın asılılığını azalda bilər və qaz danışıqlarında daha əlverişli mövqeyə sahib olar. Bundan əlavə, proses Türkmənistanın enerji sektoru üçün yeni texnologiyalar və enerji mütəxəssislərinin cəlb edilməsi üçün də əhəmiyyətlidir.