Türkiyə ABŞ-NATO-Aİ üçbucağında - ŞƏRH - ÖZƏL

28 Yanvar 2021 12:08 (UTC+04:00)

"Son dövrlərdə Avropa Birliyi ilə Türkiyə arasında, eləcə də Türkiyə-ABŞ, Türkiyə-NATO münasibətlərində bir qədər mülayimləşmə, istiləşmə meyilləri hiss olunur və ola bilər ki, bu münasibətlərdə gərginliyin aradan qaldırılmasından sonra Türkiyəyə qarşı tətbiq olunan sanksiya qərarları bir qədər səngisin və ya ümumiyyətlə, aradan qaldırılsın. Ötən ilin dekabr ayında Türkiyənin Aralıq dənizinin şərqindəki fəaliyyətləri və regionda baş verən proseslərlə bağlı Türkiyəyə qarşı sərt sanksiyaların tətbiqinə dair bəyannamə qəbul edilib və burada əsas hərəkətverici iştirakçılar Yunanıstan və Fransa olub. Bundan sonra Türkiyə iqtisadiyyatı müəyyən qədər zərər gördü, Türkiyə milli valyutası lirə bu sanksiyalardan zərər çəkərək bir qədər bazarlardakı mövqeyini itirdi". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq Türkiyənin haqlı mövqeyi və beynəlxalq hüquqa əsaslanan regional siyasəti ilə bağlı artıq dünyanın güclü dövlətləri də hesablaşırlar: "Türkiyə Şimali Atlantika Alyansının üzvüdür və NATO-nun əsas qüvvələrindən biridir. Hazırda demokratların hakimiyyətə gəlməsindən sonra yeni Ağ Ev administrasiyası Yaxın Şərq siyasətinə və Şərqi Aralıq dənizi akvatoriyasında baş verən proseslərə yenidən nəzər yetirməli olacaq. Burada təbii ki Türkiyənin həm Suriya, həm Liviya məsələsində, eləcə də Kipr probleminin həll olunması və Türkiyənin Aralıq dənizinin Şərqində geoloji kəşfiyyat məsələsində rolu həlledicidir. 1974-cü ildən həll olunmamış Kipr problemi var. Şimali Kiprin tanınmaması, bölgədə yaşayan türklərin iqtisadi fəaliyyətlərinə də mənfi təsir göstərir. Bununla yanaşı Cənubi Kipr Avropa Birliyinin üzvüdür, buna görə də adanın cənubunda rifah halı yüksək səviyyədədir".

İ.Hüseynov vurğulayıb ki, gündəmdə Türkiyə-Yunanıstan arasında olan gərginliklərin aradan qaldırılması prosesləri var: "Bu məsələlərə Türkiyə-İsrail arasında olan gərginliyin də aradan qaldırılması ilə bağlı müsbət mesajların verilməsi hiss olunur. Bunlara əlavə olaraq qeyd etmək olar ki, uzun müddətdir Siriza partiyası hakimiyyətdə olduğu dövrdən bu günə kimi Yunanıstan rəsmiləri ilə Türkiyə rəsmiləri arasında görüşlər keçirilməyib. Lakin bir neçə gün bundan öncə 61-ci görüş keçirilib və düşümürəm ki, bu cür görüşlərin, təmasların keçirilməsi regiondakı gərginliyin aşağı düşməsinə səbəb olur. Ötən ilin ortalarından başlayaraq Türkiyə-Yunanıstan arasında olan münasibətlər müharibə həddinə qədər gəlib çatmışdı və eyni zamanda Kiprin ətrafında müxtəlif hərbi təlimlərin keçirilməsi və s. məsələlərlə bağlı problemlərin yaranması ümumən Yaxın Şərq regionunda yeni müharibə ilə bağlı çağırışları özündə ehtiva edirdi. Lakin bu cür diplomatik, siyasi danışıqların başlanması və masa arxasında yığılıb qalmış problemlərin həlli üzərində düşünməklə bağlı edilən təkliflər uzunmüddətli və qalıcı sülhə gətirib çıxara bilər".